AZ

Səyahət planları alt-üst oldu: Bölgələrimizə axın var

Novruz bayramı dövründə bölgədə baş verən hərbi gərginliklər, o cümlədən İranda müşahidə olunan vəziyyət, yerli turizm sektoruna müəyyən təsir göstərib. İnsanların səyahət və istirahət planları geosiyasi vəziyyətlə bağlı ehtiyatlılıq səbəbi ilə dəyişə bilər. Nəticədə otellərə, iaşə obyektlərinə və nəqliyyat xidmətlərinə tələbatda fərqliliklər müşahidə olunub. Bu isə turizm sektoruna birbaşa və dolayısı ilə təsir edə biləcək amillərdən biridir.

KONKRET.az xəbər verir ki, turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, bu gün bütün dünyada baş verən siyasi ixtişaşlar və hərbi müharibələr dünya turizminə ciddi təsir göstərir:

“Dünya Turizm Şurasının açıqlamasına görə, bütün dünyada bir gündə 600 milyard dollardan çox turizm ziyanı baş verir. Bu, həm aviaşirkətlərin fəaliyyətinin dayanması, həm otellərin fəaliyyətinin məhdudlaşması, həm işgüzar səfərlər və tibbi turizmin, həm də ümumi səyahətlərin təxirə düşməsi ilə bağlıdır. Bu ziyan qlobal səviyyədə Azərbaycandan da yan keçmir. Həm Azərbaycana gələn turistlərin sayında azalmanın müşahidə olunması, həm də Azərbaycan vətəndaşlarının xaricə səfərlərində gecikmələr müşahidə olunur. Nəticədə, bu vəziyyət daxili turizmin canlanmasına gətirib çıxarır. Novruz bayramı ərəfəsində, xüsusən müharibənin martın əvvəlindən başlayıb davam etməsi fonunda, şərq ölkələrindən Dubaya, Doha, Körfəz ölkələrinə və bir çox Asiya ölkələrinə gedən turistlər səyahətlərini ləğv ediblər”.

O bildirib ki, bu isə həmin turist kütləsinin bölgələrimizə yönəlməsinə səbəb olub və qeyri-bərabər şəkildə paylanıb:

“Turist axını işğaldan azad olunmuş ərazilərimizə, eləcə də Balakən, Şimal bölgəsi, Quba-Qusar, Cənub bölgəsi, Lənkəran və digər ərazilərə yönəlib. Ümumilikdə, bu tendensiya müharibənin təsiri, aviareyslərin təxirə salınması və bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədardır. Daxili turizm canlansa da, bu vəziyyət müvəqqəti ola bilər, çünki müharibənin necə inkişaf edəcəyini əvvəlcədən bilmək mümkün deyil. Hesab edirəm ki, bir neçə ay ərzində bu məsələ öz həllini tapacaq və turizm sahəsi yenidən bərpa olunacaq”.

Seçilən
16
konkret.az

1Mənbələr