Xəzər dəhlizinin geostrateji əhəmiyyəti getdikcə artır...
Poliqon xəbər verir ki, Almaniyanın “Focus” jurnalı Ormuz boğazında yaranmış böhranın qlobal enerji bazarına ciddi təsir göstərdiyini və Avropa üçün alternativ marşrutların əhəmiyyətini artırdığını yazıb Məqalədə bildirilir ki, İranın Hörmüz boğazını blokadaya alması dünya iqtisadiyyatı üçün sistemli risk yaradıb və Avropanı təcili qərarlar qəbul etməyə məcbur edib.
Nəşrin təhlilinə görə, Avropa əvvəlki enerji böhranını tam həll etməyib, yalnız onu təxirə salıb, bu isə regionu xarici şoklara qarşı daha həssas vəziyyətə gətirib. Bu səbəbdən Avropa yalnız təchizatçıları deyil, həm də nəqliyyat marşrutlarını diversifikasiya etməlidir. Bu kontekstdə Trans-Adriatik Boru Kəməri (TAP) və Orta Dəhliz xüsusi önəm qazanır.
Məqalədə vurğulanır ki, Azərbaycan artıq 2025-ci ildə Avropaya təxminən 13 milyard kubmetr qaz ixrac edib və infrastrukturun genişləndirilməsi nəticəsində bu şəbəkəyə 16 Avropa ölkəsi qoşulub. Növbəti mərhələdə ixracın illik 20 milyard kubmetrə qədər artırılması mümkün sayılır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdiyi və Cənubi Qafqazda sabitləşdirici rol oynadığı qeyd olunur.
Eyni zamanda, ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh razılaşmasının regionda yeni iqtisadi imkanlar yaratdığı bildirilir. Ermənistanın artıq Azərbaycandan enerji idxal etməsinin qiymətləri aşağı saldığı, qarşılıqlı asılılıq yaratdığı və Rusiya ilə İranın təsirini azaltdığı vurğulanır.
Məqalədə Mərkəzi Asiyanın, xüsusilə də Qazaxıstanın artan rolu da diqqətə çatdırılır. Bildirilir ki, 2025-ci ildə Qazaxıstan neftinin Almaniyaya ixracı 44% artaraq 2,1 milyon tonu keçib və bu göstəricinin daha da yüksələcəyi gözlənilir.
Bundan əlavə, 2025-ci ildə keçirilmiş Səmərqənd sammitində Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında enerji, infrastruktur və xammal sahələrində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Bu isə Orta Dəhlizin artıq ikinci dərəcəli layihə kimi deyil, strateji prioritet kimi qiymətləndirildiyini göstərir.
“Focus” jurnalı qeyd edir ki, Xəzər dəhlizi Avropa üçün real alternativ təqdim edir və enerji mənbələrinin şaxələndirilməsi artıq seçim deyil, iqtisadi rəqabət qabiliyyətinin qorunması üçün zəruri strateji tələbdir.
Poliqon.info