AZ

İranda müharibə qlobal iqtisadiyyata ciddi zərbə vurur

BVF enerji, ərzaq və gübrə qiymətlərinin artdığını, risklərin genişləndiyini bildirib...

Poliqon xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) İranda davam edən müharibənin qlobal iqtisadiyyata ciddi təsir göstərdiyini açıqlayıb. Təşkilatın son analitik qiymətləndirməsinə görə, münaqişə fonunda yanacaq, ərzaq və gübrə qiymətlərində artım müşahidə olunur, həmçinin Ormuz boğazı üzərindən tədarük zəncirlərində ciddi pozuntular yaranıb.

BVF qeyd edir ki, bu proseslər xüsusilə aşağı gəlirli və inkişaf etməkdə olan ölkələrə daha ağır təsir göstərir. Enerji və ərzaq qiymətlərinin artması həmin ölkələrdə sosial-iqtisadi vəziyyəti daha da gərginləşdirir və inflyasiya təzyiqlərini artırır.

Avropa regionunda yeni qaz böhranının yaranması ehtimalı da vurğulanır. Analitiklər bildirir ki, enerji bazarındakı qeyri-müəyyənlik Avropanın enerji təhlükəsizliyinə əlavə risklər yaradır. Asiya ölkələrində isə istehsal xərclərinin artması və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə oluna bilər.

Fond eyni zamanda bildirib ki, üzv dövlətlərlə sıx məsləhətləşmələr aparılır və zərurət yarandığı halda maliyyə dəstəyi göstərməyə hazırdır. BVF-nin qiymətləndirməsinə görə, mövcud vəziyyət uzunmüddətli iqtisadi nəticələr doğura bilər və qlobal bazarlarda qeyri-sabitliyi daha da artıracaq.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr