AZ

Paytaxtda parkın içində bina tikilir - gizli mərtəbələr artırılır?

Bakının mərkəzində parkın ərazisində bina tikilir.

Musavat.com xəbər verir ki, tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev məsələ ilə bağlı açıq çıxış edərək həyəcan təbili çalıb.

Onun sözlərinə görə, paytaxt sakinlərinin “Zorge parkı” kimi tanıdığı ərazidə orta mərtəbəli yaşayış binasının inşası aparılır. Halbuki, rəsmi sənədlərdə bu ərazidə yalnız bir mərtəbəli tikiliyə icazə verildiyi göstərilib.

Memar qeyd edir ki, faktiki vəziyyət sənədlərlə ciddi ziddiyyət təşkil edir: artıq tikintinin üçüncü mərtəbəsi ucaldılıb. Bundan əvvəl isə zirzəmi və birinci mərtəbə tamamlanıb. Elçin Əliyevin diqqət çəkdiyi digər məqam isə tikinti ilə bağlı məlumat lövhələrində dəyişikliklərin aparılmasıdır.

Onun iddiasına görə, ilkin olaraq binanın ölçüləri 33 × 19 metr kimi göstərilsə də, sonradan bu rəqəmlər 33,2 × 19,8 metrə dəyişdirilib. Eyni şəkildə, tikilinin hündürlüyü də əvvəl 5,7 metr qeyd olunduğu halda, daha sonra 6,6 metr kimi təqdim edilib.

Memar sual edir: 13 dekabr 2024-cü il tarixli 38731 nömrəli dövlət ekspertizası rəyi dəyişdirilibmi? Eyni zamanda, 13 iyun 2025-ci il tarixli ETİ-36/25 nömrəli tikintiyə icazə sənədinə də hər hansı korrektə olunubmu? Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumların susqunluğu narahatlıq doğurur.

“Şəxsən şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri, eləcə də Nəsimi rayonunun baş memarı ilə danışmışam. Hər iki şəxs qəti şəkildə yalnız bir mərtəbəli binanın tikiləcəyini bildirmişdi. Lakin hazırda reallıq tam fərqlidir”, – deyə o vurğulayıb. Memar əlavə edib ki, nə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə hər hansı rəsmi münasibət bildirilməyib.

Qeyd edək ki, sözügedən park Sovet İttifaqı Qəhrəmanı, Rixard Zorge adını daşıyır. Paytaxtın Nəsimi rayonunda, Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən parkın sahəsi 2,39 hektardır və 2012-ci ildə əsaslı təmir olunub.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
72
1
musavat.com

2Mənbələr