AZ

Bir də belə yağma, yağış!

Ötən günlərdə Bakı yenə “göl şəhər”ə çevrildi

Axarlar niyə axmaz olur?

Son günlər Bakıda müşahidə olunan fasiləsiz yağışlar paytaxtın uzun illərdir həllini gözləyən ən ağrılı problemlərindən birini – kanalizasiya və yağış sularının idarə olunması sistemindəki çətinlikləri yenidən gündəmə gətirdi. Yağan leysan nəticəsində şəhərin müxtəlif ərazilərində, xüsusilə də kənar qəsəbələrdə geniş gölməçələr yarandı, küçə və prospektlərdə nəqliyyat iflic vəziyyətə düşdü, binaların zirzəmilərini su basdı, piyadalar üçün hərəkət təhlükəli hala gəldi.

Bu mənzərə cəmiyyətin yaddaşında artıq “adi hadisə” kimi formalaşır. Çünki Bakı hər güclü yağışdan sonra eyni çətinliklərlə üzləşir. Bu isə əhalidə haqlı suallar doğurur: bu istiqamətdə çox sayda Dövlət proqramları qəbul olunduğu halda, paytaxtda kanalizasiya problemi niyə aradan qaldırılmır? Layihələr niyə ya gecikir, ya da yarımçıq saxlanılır? Ən əsası isə dünyanın böyük şəhərlərində bu problem necə həll edilir?

Müstəqillik dövründə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində mühüm Dövlət proqramları həyata keçirilib. Regionlarda kanalizasiya xətləri çəkilib, təmizləyici qurğular inşa edilib, şəhərlərin su infrastrukturu müasir tələblərə uyğunlaşdırılıb. Ümumilikdə, rayonların 70-80 faizi kanalizasiya sistemi ilə təmin olunub.

Bakıda isə bu məsələ tamamilə fərqliliyi ilə diqqət çəkir. Əvvəla, burada əhali sıxlığı çox yüksəkdir, ikincisi, köhnə kommunikasiyalar torpaq altında, necə deyərlər, bir-birinə qarışıb, yeni tikililər plansız şəkildə artıb. Nəhayət, yağış suyu və kanalizasiya sistemləri bir çox hallarda bir-birinə inteqrasiya olunmayıb, mövcud xətlər köhnə normativlər əsasında tikilib və bugünkü yükü daşımır. Bu səbəbdən paytaxtın kanalizasiya problemi, sadəcə, “boru dəyişmək” məsələsi deyil. Bu, bütöv bir şəhər infrastrukturunun yenidən qurulması deməkdir.

Yeri gəlmişkən, bu il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı ölkə rəhbərinə təqdim edilib. Təqdimat mərasimində Bakı buxtasının, ümumilikdə, Abşeron yarımadasının su və kanalizasiya problemlərinin həlli üçün böyük layihənin hazırlandığı bildirilib. Eyni zamanda, ümumi konsepsiyanın və master planın olduğu, onun detalları üzərində iş aparıldığı qeyd edilib. Bütün bunlar müsbət addım sayılsa da, ictimaiyyət üçün əsas sual dəyişməz qalıb: sözügedən planın icra mexanizmi hansı formada nəzərdə tutulub?

Sual təsadüfi xarakter daşımır, çünki Azərbaycanda bir çox strateji layihələr çox vaxt kağız üzərində qalsa da, icra mərhələsində bürokratiya, maliyyə fasilələri və idarəetmə uyğunsuzluğu səbəbindən ya uzanır, ya da tam nəticə vermir. Mütəxəssislərin vurğuladığı əsas məsələ də, Bakının kanalizasiya sistemindəki böhranın daha çox layihələrin yarımçıq qalması ilə bağlıdır. Yəni layihə hazırlanır, razılaşdırılır, vəsaitin bir hissəsi ayrılır, ilkin mərhələdə planlaşdırılan işlər görülür, lakin sonra maliyyələşmə azalır və proses dayanır. Nəticədə sistem yenilənmir, mövcud problemlər isə daha da ağırlaşır. Ən təhlükəlisi isə budur ki, yarımçıq işlər həm resurs israfına səbəb olur, həm də gələcək layihələrin daha da bahalaşmasına gətirib çıxarır. Çünki tamamlanmamış obyekt zamanla sıradan çıxır, yenidən təmir tələb edir.

Bakının mühüm problemlərindən biri də yağış suları ilə kanalizasiya sularının bir çox ərazilərdə eyni sistemdə toplanmasıdır. Bu, texniki cəhətdən ciddi təhlükə doğurur. Çünki kanalizasiya suyu bioloji və kimyəvi çirkləndiricilərlə doludur və mütləq təmizləyici qurğudan keçməlidir, yağış suyu isə nisbətən təmiz olur və duruldulma prosesindən sonra təkrar istifadə edilə bilər. Bu iki su qarışdırıldıqda isə təmizləyici qurğularda bioloji proseslər pozulur, təmizlənmənin səmərəsi azalır, çirkli su tam təmizlənmədən dənizə axıdılır və nəticədə ekoloji fəsadlar yaranır. Bu səbəbdən də inkişaf etmiş ölkələrdə kanalizasiya və yağış suları üçün ayrı xətlər, başqa sözlə, ayrı kollektorlar tətbiq olunur.

Ümid böyük kollektorlara qalıb

Dövlət Proqramına uyğun olaraq 2025-ci ilin ortalarından başlayaraq Bakıda, eləcə də ətraf ərazilərdə iri kollektorların tikintisinə başlanılıb və inşaat işlərinin Bilgəh–Nardaran–Pirşağı, Əl Oyunları Sarayı – Nobel prospekti – Zığ təmizləyici qurğu istiqamətlərində aparılması planlaşdırılıb. Bundan başqa, Dərnəgül – Bakıxanov –Zığ, Ceyranbatan – Müşfiq kollektor xətlərinin tikintisinin reallaşdırılması da qarşıya mühüm vəzifə kimi qoyulub.

Eyni zamanda, Müşfiq qəsəbəsində 150 min kubmetr həcmində təmizləyici qurğunun inşası planlaşdırılır, hazırda onun 75 min kubmetrlik hissəsi tikilir. Lökbatanda isə sutkada 100 min kubmetr həcmində təmizləyici qurğu tikilir və gələcəkdə 300 min kubmetrə qədər artırılması nəzərdə tutulur. Layihələrin ümumi dəyərinin 900 milyon manat olduğu bildirilir. 2025-ci ildə bu işlər üçün 300 milyon manat ayrılıb və növbəti illərdə də ciddi vəsaitlərin ayrılacağı gözlənilir.

Lakin problem ondadır ki, bu məbləğin əsas hissəsi kanalizasiya sularının ötürülməsinə yönəldilib, yağış suyu kollektorları üzrə ayrıca investisiya proqramlarının olmaması isə qeyd olunur. Bu, bir tərəfdən texniki baxımdan əsaslandırıla bilər – kanalizasiya sistemi sanitariya təhlükəsizliyi üçün prioritetdir. Amma digər tərəfdən təhlükəlidir, çünki Bakının ən kəskin və sosial narazılıq yaradan problemi məhz yağış sularıdır.

Mütəxəssislər bildirirlər ki, 1980-ci illərin ortalarından etibarən Bakının kanalizasiya sisteminə ciddi investisiya qoyulmayıb. 1985-ci ildən sonra isə investisiyalar rəmzi xarakter daşıyıb və daha çox içməli su problemini həll etməyə yönəldilib. Oğuz–Qəbələ xətti, Kürdən gələn yeni xətt, Samur – Abşeron kanalının genişləndirilməsi, Taxtakörpü Su Anbarı kimi layihələr Abşeronun içməli suya tələbatını ödəmək məqsədi daşıyıb. Bu layihələr mühüm önəm daşısa da, paralel olaraq kanalizasiya və yağış suyu infrastrukturu yenilənmədiyindən sistem tədricən sıradan çıxıb.

Bəs, paytaxt ətrafı qəsəbələr niyə daha çox su altında qalır? Son yağışlar zamanı ən böyük problemlər də məhz Bakı və ətraf qəsəbələrdə müşahidə edildi. Bunun iki əsas səbəbi var. Birincisi, həmin yaşayış məntəqələrinin bir qismi keçmişdə göl və bataqlıq sahələri olub. Zamanla bu ərazilər torpaq tökülərək qurudulub və yaşayış üçün istifadəyə verilib. Lakin geoloji struktur dəyişmədiyindən intensiv yağış zamanı su yenidən həmin ərazilərdə toplanıb. İkincisi, bir çox qəsəbələrdə kanalizasiya sistemi yaradılmayıb. Sürətli urbanizasiya nəticəsində fərdi evlər tikilib, lakin infrastruktur nəzərə alınmayıb. Bu da o deməkdir ki, yağış suyu gedəcək yol tapmır və yaşayış məntəqələri qısa müddətdə subasmalara məruz qalır.

Mütəxəssislərin fikrincə, bütün bu faktlar onu göstərir ki, Bakının kanalizasiya probleminin həlli mümkündür, lakin bunun üçün bir neçə şərt mütləq yerinə yetirilməlidir. Əvvəla, layihələr yarımçıq saxlanılmamalı, maliyyələşmə davamlı olmalıdır. Kanalizasiya infrastrukturu uzunmüddətli prosesdir və burada “bir il ayırdıq, iki il gözlədik” yanaşması işləmir. İkincisi, yağış suları üçün ayrıca sistem qurulmalıdır. Kanalizasiya və yağış sularının qarışdırılması həm ekoloji risk yaradır, həm də texniki olaraq təmizləmə sistemlərini sıradan çıxarır. Üçüncüsü, Bakı ətrafı qəsəbələrdə infrastruktursuz yaşayış massivləri ilə bağlı ciddi planlaşdırma aparılmalıdır. Qəsəbə və kəndlərdə kanalizasiya şəbəkəsi qurulmadan yeni tikintilərə icazə verilməsi problemin daha da böyüməsinə səbəb olur. Nəhayət, yağış sularının təkrar istifadəsi mexanizmləri qurulmalıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, bu sular parkların, yaşıllıqların suvarılmasına yönəldilə bilər. Bu, həm su ehtiyatlarını qoruyar, həm də şəhərdə ekoloji balansı gücləndirər.

Yağış yenə yağacaq, biz isə...

Son günlər yağan leysan bir daha sübut etdi ki, Bakının kanalizasiya sistemi sadəcə kommunal problem deyil. Bu məsələ şəhərin təhlükəsizliyi, əhalinin sağlamlığı, ekoloji tarazlıq və iqtisadi fəaliyyət üçün ciddi təhlükə amilidir. Başqa sözlə, küçələrin su altında qalması təkcə nəqliyyatın dayanması anlamına gəlmir. Bu, həm də binaların təməl konstruksiyalarının zədələnməsi, yol örtüyünün sıradan çıxması, sanitar-gigiyenik risklərin artması, çirkab suların ətrafa yayılması və nəticədə xəstəlik risklərinin yüksəlməsi deməkdir.

Bakının inkişaf edən metropol olması üçün kanalizasiya və yağış sularının idarə edilməsi sisteminin müasir standartlara uyğun qurulması zəruridir. Bu istiqamətdə görülən işlər ümidverici görünsə də, nəticənin isə yalnız bir halda – layihələr ardıcıl və şəffaf şəkildə icra olunduğu təqdirdə mümkündür. Əgər maliyyə davamlı şəkildə ayrılarsa, mütəxəssis potensialı səfərbər edilərsə və şəhərsalma qaydaları ciddi tətbiq olunarsa, Bakı “hər yağışda gölə dönən şəhər” obrazından xilas ola bilər. Əks halda isə hər leysan yeni su basmaları, yeni narazılıqlar və yeni suallar doğurmaqda davam edəcək.

V.BİNYATOĞLU
XQ

Seçilən
38
1
xalqqazeti.az

2Mənbələr