AZ

Sözün işığında ucalan ömür

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 aprel, AZƏRTAC

Bu gün Azərbaycanın tanınmış ziyalısı şair, publisist, tənqidçi, füzulişünas alim, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ayaz Vəfalının doğum gündür.

AZƏRTAC xəbər verir ki, ömrü boyu ana dilinə, haqqa, ədalətə, milli ideallarımıza vəfalı olan Ayaz Vəfalının təxəllüsü onun həm sənətə, həm də doğma vətəninə olan mənəvi sədaqətinin ifadəsidir.

1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsində təhsil alan Ayaz Vəfalının formalaşmasında Həmid Araslı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər Cəfərov, Pənah Xəlilov, Bəxtiyar Vahabzadə kimi sənətkarların böyük rolu olub. Tanınmış simalardan dərs alması və bu mühit onun gələcək taleyini, yaradıcılıq istiqamətini müəyyənləşdirib. Ayaz Vəfalı şeirlərinin birində onları xatırlayaraq yazır:

Əlim qələm tutdu tale yar oldu,

Müəllimim neçə sənətkar oldu;

Xeyir-dua verdi böyüklər mənə, -

Hərəsi bir cürə səbəbkar oldu...

Ayaz Vəfalı elmi fəaliyyətini Məhəmməd Füzuli irsinin araşdırılmasına həsr edərək, 1972-ci ildə görkəmli alim Məmmədhüseyn Təhmasibin rəhbərliyi ilə “Füzuli və folklor” mövzusunda dissertasiya müdafiə edib və füzulişünaslığa yeni nəfəs gətirib. Müəllifin “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi” kimi əsərləri bu sahədə fundamental tədqiqatlar hesab olunur. 1994-cü ildə isə onun rəhbərliyi ilə “Məhəmməd Füzuli” Beynəlxalq Ədəbi Əlaqələr Fondu təsis edilib.

Ayaz Vəfalının müxtəlif illərdə yazdığı “Bəlkə onda öyrənmişik”, “Ürək və od”, “Özü oda yana-yana” və s. şeirlər kitabı, publisistik və elmi fəaliyyətini əks etdirən “Yarım əsrlik yol” (məqalələr, şeirlər və tərcümələr) kitabı da onun çoxşaxəli yaradıcılığından xəbər verir. Yaradıcılığının böyük bir hissəsi “Ədəbiyyat və incəsənət” qəzeti (hazırkı “Ədəbiyyat qəzeti”) ilə bağlı olan Ayaz Vəfalı, əlli ildən artıq bu mətbu orqanında çalışmış, qəzetin baş redaktoru kimi milli ədəbi prosesin formalaşmasında mühüm xidmətlər göstərmişdir.

Onun tərtib etdiyi “Ədəbiyyat qəzeti” biblioqrafiyası (1934-1964) Azərbaycan mətbuat tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbədir. Bu kitaba alim “Ədəbiyyatımızın salnaməsi” adlı “Ön söz” yazıb və qeyd edib ki, neçə-neçə ziyalı nəslinin yetişdiyi, yaradıcılıq məktəbi olan “Ədəbiyyat qəzeti” adi mətbu orqanı deyil, əbədiyyət ünvanlı qəzetdir.

Şairin yaradıcılığı səmimiyyət və milli ruhla yoğurulub. İkinci Dünya müharibəsinin ailəsinə yaşatdığı ağrılar, atasının mühacirət həyatı onun “Dörd yaşımda fikir çəkdim” poemasında və digər şeirlərində öz əksini tapıb. Bu nisgil Ayaz Vəfalını sarsıtmayıb. O, Konstantin Simonovun o illəri xatırladan “Gözlə məni” şeirini yüksək sənətkarlıqla dilimizə tərcümə edib.

Gözlə məni, gələcəyəm,

Gözlə məni, yar.

Gözlə məni qışın qarı

Evlər yıxanda.

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan əlini sən

Üzəndə gözlə.

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

Daha sonra Taras Şevçenko, Aleksandr Çakovski, Həmid Əlimcan, Erkin Vahidov kimi sənətkarların əsərlərini doğma dilimizə tərcümə edərək Azərbaycan oxucusuna sevdirib. Həmçinin, Ayaz Vəfalının Füzulinin özbək sələfi Əlişir Nəvai yaradıcılığından etdiyi “Leyli və Məcnun”, “Dördlüklər” kimi tərcümələri özəl yer tutur. O, Türk dünyasını və bu dünyanın bədii irsini bütöv görmüş, təhlil etmiş və tanıtmışdır.

2012-ci ildə Ayaz Vəfalının onillik zəhmətinin bəhrəsi “Atalar sözü – ağlın gözü” kitabı işıq üzü görür. O, dünya xalqlarının hikmət xəzinəsini orijinaldan tərcümə edərək oxuculara təqdim edir. Maraqlısı odur ki, Türk dünyasının - türk dilinin pərəstişkarları dünya xalqlarının hikmət xəzinəsindən seçmə nümunələri oxuya bildikləri əlifbada (latın, kiril, ərəb) – Ayaz Vəfalının dili ilə desək, Füzulinin, Vaqifin şirin dilində mütaliə edə bilir.

Ayaz Vəfalı üçün ana dili milli mövcudluğun əsasıdır. O, dili yalnız ünsiyyət vasitəsi deyil, tarixin və ruhun daşıyıcısı kimi qiymətləndirib. Doğma ana dilinə, Azərbaycan ədəbiyyatına, söz xəzinəsinəsinə olan münasibətilə alim hər zaman sözün həqiqi mənasında Azərbaycan ziyalısının, mühitinin aynası olub.

Hər zaman sözə, sənətə sədaqətli, ömrünü ədəbiyyatımızın inkişafı və təbliğinə həsr etmiş Ayaz Vəfalını təbrik edir, cansağlığı və yaradıcılığında uğurlar diləyirik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
azertag.az

1Mənbələr