AZ

Paketdə satılan qidalar təhlükəlidir? - AÇIQLANDI

“Paketdə satılan qidaların hamısını təhlükəli hesab etmək doğru yanaşma deyil. Ümumiyyətlə, qidanın təhlükəsizliyi onun paketdə olub-olmaması ilə deyil, necə istehsal olunması, saxlanması və nəzarət olunması ilə müəyyən edilir”.

Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, bu gün qida təhlükəsizliyi xüsusi qurumlar tərəfindən nəzarətdə saxlanılır:

“Lakin burada başqa bir məsələ də var – qidanın faydalılığı. Məsələn, son illərdə bir çox ölkələrdə, o cümlədən Çində bazarlarda satılan qidaların böyük hissəsi paketlənmiş formada təqdim olunur. Bu isə gigiyena baxımından daha təhlükəsiz sayılır.

Amma paketlənmiş qida hər zaman faydalı demək deyil. Bəzi hallarda belə məhsulların qida dəyəri aşağı olur, yəni insan orqanizminə verdiyi fayda az ola bilər. Bu baxımdan “paketlənmiş qida təhlükəlidir” demək düzgün olmadığı kimi, onu avtomatik olaraq keyfiyyətli və faydalı hesab etmək də doğru deyil.

Əslində bir çox məhsullar – məsələn kartof, soğan və digər ərzaqlar belə müəyyən standartlara uyğun şəkildə paketlənməlidir. Bu, onların gigiyenik şəraitdə saxlanmasına kömək edir.

Digər tərəfdən, bəzi bazarlarda hələ də açıq şəkildə, heç bir qoruyucu şərait olmadan satılan qidalar mövcuddur. Burada əsas məsələ məhsulun necə təqdim olunması deyil, onun hansı şəraitdə saxlanılması və istehlakçıya çatdırılmasıdır”.

Ayşən Vəli

Seçilən
1
1
sia.az

2Mənbələr