AZ

Şərqlə Qərbin arasında: Əhməd bəy Ağaoğlu

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Gənclik illərimdə atamın mənə tanıtdığı, yaxın tariximizin ən nəhəng simalarından biri, Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi xadimi, böyük mütəfəkkir, yazıçı, publisist, türkoloq və liberal Kamalizmin banisi Əhməd Bəy Ağaoğlu haqqında yeni bir kitabın təqdimat günü idi...

Mənim üçün Əhməd Bəy Ağaoğlu Atatürkün silahdaşı deməkdir, mənim üçün Əhməd Bəy Ağaoğlu Türkiyə deməkdir, mənim üçün Əhməd Bəy Ağaoğlu Cümhuriyyət deməkdir.

Bu səbəbdən də Cumhuriyyət tariximizin yorulmaz və məhsuldar tədqiqatçı Dilqəm Əhmədin “Doğu ile Batı arasında bir mütefekkir. Ahmet Ağaoğlu” kitabının Şərqlə Qərbin birləşdiyi şəhərdəki qədim məkana –İstanbul universitetində keçirilən təqdimat proqramına qatıldım…

Başlama saatından saat yarım əvvəl tarixi universitetin Vezneciler qapısından girib bir suyu Londondakı Hayd Parkın sakitliyini xatırladan yamyaşıl bağda gəzişdim. Mənim gəzdiyim bu yamyaşıl parkda bir zamanlar universiyeytdə müderrislik – müəllimlik yapmış Əhməd Bəy, sonralar isə onun qızı – Tükiyənin ilk qadın vəkili və ilk qadın hüquqları müdafiəçisi, yazıçı Sürəyya Ağaoğlu gəzmiş, İstanbulun bu tarixi havasını eyni intibah eşqi ilə tənəffüs etmişdi.

Rektorluq binasını keçib tarixi Beyazıt qülləsinin yanından sola – hüquq fakultəsinə tərəf addımladım. Fakultənin önündəki kantindən çay və üzümlü kurabiyə alıb gələcək hüquqçuların arasına qarışdım. Bilmirəm, Sürəyya xanımın dövründə də bu kantin varmıydı? O da buradamı oturub çay içmişdimi?.. …Ancaq mən çayımı içə bilmədim, boğazımda düyümlənən o qəribə duyğu imkan vermədi...

Gələcəyin vəkilləri, hakimləri həyəcanı içində ara imtahanlara hazırlaşırdılar. Sakitcə bloknotumu çıxarıb bu qeydlərimi yazdım…

Məncə, bu gün gördüklərimi sadəcə bir "xəbər" kimi qələmə almaq doğru olmazdı. Çünki baş verənlər bir kitab təqdimatından daha böyük, daha dərindir. Bu, iki ölkənin ortaq yaddaşını yenidən silkələmək, onu diri tutmaq cəhdidir. Əhməd Bəy Ağaoğlu kimi nəhənglər haqqında xəbər yazmaq çox vaxt ikinci dərəcəlidir; əsas olan onun miqyasını anlamaq və anlatmaqdır.

Əhməd Bəy Ağaoğlu sadəcə bir fikir adamı deyildi. O, Azərbaycan və Türkiyənin, bütöv bir millətin düşüncə xəritəsidir. O, Şərqlə Qərb arasında körpü qurmağa çalışan ilk böyük intellektualımızdır. Şuşada doğulmuşdu, amma fikrən Parisdə formalaşmışdı. Əfsanəvi Sorbon Universiteti onun üçün təkcə bir təhsil ocağı deyildi; Paris onun üçün Avropanın incisi yox, düşüncə mexanizmini dəyişən bir dünya idi. Əhməd Bəy burada Avropa liberalizmini, fərdiyyətçiliyi və hüquq dövlətinin fəlsəfəsini iliklərinə qədər mənimsəmişdi.

Lakin o, bu ideyaları kor-koranə təqlid etmədi; Avropada mənimsədiyi dəyərləri Şərq cəmiyyətinin sərt reallıqları ilə toqquşdurdu. Ağaoğlunun intellektual gücü üç mühüm istiqamətdə bariz idi:

1. Düşüncə cəsarəti

O, Şərqin problemlərini romantikləşdirmirdi. Geri qalmağımızın köklərinin məhz mədəniyyətimizin daxili böhranında olduğunu bəyan edirdi. O dövrün mühafizəkar mühiti üçün bu, son dərəcə radikal bir mövqe idi.

2. Sistemli baxış

O, təkcə publisist deyildi. Dövlət, hüquq, qadın azadlığı, təhsil – bütün bunları vahid bir modernləşmə layihəsi kimi görürdü.

3. İki dünyanı birləşdirmək bacarığı

O, nə tam Şərqli idi, nə də tam Qərbli. O, nadir rast gəlinən bir “keçid fiquru” idi. Tarixdə belə simalar az olsa da, onların təsiri əsrləri aşır.

Azərbaycan üçün Ağaoğlu milli oyanışın intellektual sütunlarından biridir;

Türkiyə üçün isə o, əsla “xaricdən gəlmiş bir fikir adamı” deyildi; O, yeni dövlətin intellektual memarlarından biri, Mustafa Kamal Atatürkün düşüncələrinə birbaşa təsir edən yaxın silahdaşı idi.

Ağaoğlunun vaxtilə qaldırdığı məsələlər indi də aktuallığını qoruyur:

– Şərq modernləşə bilərmi, yoxsa sadəcə Qərbi təqlid edəcək?

– Azadlıq mədəniyyətin daxilindənmi doğmalıdır?

– Dövlət fərdi formalaşdırır, yoxsa fərd dövləti?

Bu sualların heç biri hələ də tam cavabını tapmayıb.

Dilqəm Əhmədin kitabından çıxardığım əsas nəticə də elə budur: biz hələ də Ağaoğlunun başladığı o nəhəng dialoqun içindəyik.

Təqdimatda çıxış edənlər – İstanbul Universitetinin rektorundan tutmuş, Bakıdan gələn qonaqlara, yaxın tariximizin yorulmaz tədqiqatçısı Dilqəm Əhməddən son dərəcə tarazlı, elmi çıxışı ilə seçilən ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidliyə qədər hər kəs bu irsdən bəhs etdi.

Mən Yeşim Ağaoğlu ilə yanaşı oturmuşdum. Sənətşünas olan Yeşim xanım Əhməd Bəy Ağaoğlunun qardaşının nəticəsidir. Təqdimatdan sonra ruhumuzda yaranan o tarixi ağırlığı bölüşmək, bir az söhbətləşmək ehtiyacı yarandı.

Rəfiqəsi Ləman xanımı da yanımıza alıb birlikdə 1933-cü ilə qədər Darülfünun-i Şahane adlanan o otarixi tağlı qapıdan çıxdıq. Bəyaziddən Çəmbərlitaşa keçib, Ayasofyaya tərəf endik. Yol boyu ortaq dostlarımızı, Əhməd Bəyin nəticəsi Ahmet Ağaoğlunu, Nigar xanım Axundovanı və digər əziz dostlarımızı ehtiramla andıq.

Ayasofyanın qarşısında, Sultanahmet meydanındakı Dikilitaşın önündə yerləşən çay bağçasında xeyli söhbət etdik. Qalxarkən Yeşim xanıma baxaraq, daxilimdəki o böyük həqiqəti ehtiyatla dilə gətirdim: “Böyük Atatürkə Cümhuriyyət modelini Əhməd Bəy Ağaoğlu gətirib, bilirsinizmi?”..

Yeşim xanımın gözündə günəş gözlüyü vardı... O qara şüşənin arxasında gözlərinin dolduğunu hiss etdim…

Böyük insanlar yalnız tarix yazmaqla qalmazlar, həm də tarix boyu cavabı axtarılacaq böyük suallar miras qoyarlar.

https://t.me/ibrahim_nebioglu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr