AZ

Fiziklər kainatın yaranmasına dair yeni izah təklif edir

Kanadanın Vaterloo Universitetinin alimləri kainatın necə yarandığını izah edən yeni model təqdim ediblər. Tədqiqata görə, Böyük partlayışdan sonrakı ilk anlarda baş verən sürətli genişlənmə kvant qravitasiyası nəzəriyyəsindən təbii şəkildə yarana bilər...

Poliqon xəbər verir ki, araşdırma Physical Review Letters jurnalında dərc olunub.

Tədqiqata Vaterloo Universitetinin fizika və astronomiya professoru Niyayeş Afşordi rəhbərlik edib. Onun komandası qravitasiya ilə kvant fizikasını – yəni kainatın iki əsas təsvirini – birləşdirməyə çalışıb. Bu iki nəzəriyyə erkən kainatın ekstremal şəraitində bir-biri ilə uyğunlaşmaqda çətinlik çəkir.

Klassik modeldə ümumi nisbilik nəzəriyyəsindən istifadə olunur, lakin bu yanaşma çox yüksək enerjilər zamanı işləkliyini itirir. Bu məhdudiyyəti aradan qaldırmaq üçün alimlər "kvadratik kvant qravitasiyası" adlanan yanaşmanı tətbiq ediblər. Bu, belə şəraitləri təsvir etmək üçün riyazi baxımdan daha sabit hesab olunur.

Yeni modelin əsas fərqi əlavə fərziyyələrə ehtiyac duymamasıdır. Standart nəzəriyyələrdə kainatın erkən dövründə müşahidə olunan kəskin genişlənməni – inflyasiyanı – izah etmək üçün xüsusi mexanizmlər daxil edilir. Bu modeldə isə həmin proses öz-özünə yaranır.

"Biz göstərdik ki, kainatın partlayışvari genişlənməsi daha dərin qravitasiya nəzəriyyəsindən birbaşa irəli gələ bilər", deyə professor Niyayeş Afşordi bildirib.

Bundan əlavə, model yoxlanıla bilən proqnozlar da irəli sürür. Xüsusilə, Böyük partlayışdan dərhal sonra yaranmış zəif məkan-zaman dalğalanmaları – ilkin qravitasiya dalğalarının minimal səviyyədə mövcud olmasını nəzərdə tutur. Gələcəkdə bu siqnallar müasir detektorlar vasitəsilə aşkar edilə bilər.

"Model çox yüksək enerjiləri təsvir etsə də, eksperimental olaraq yoxlanıla bilən nəticələr verir", deyə Afşordi vurğulayıb.

Tədqiqat müəllifləri gələcəkdə modelin proqnozlarını daha da dəqiqləşdirməyi və onu elementar hissəciklər fizikası ilə əlaqələndirməyi planlaşdırırlar.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr