“Northrop Grumman” şirkəti ABŞ Ordusunun 101-ci Hava Desant Diviziyası tərəfindən keçirilən “Operation Lethal Eagle” təlimi zamanı özünün “Lumberjac” pilotsuz uçuş aparatının (PUA) avtonom missiya imkanlarını nümayiş etdirib.
“Poliqon” “Northrop Grumman”a istinadən xəbər verir ki, bu nümayiş sürətli şəkildə silahlanmaya qəbul istiqamətində irəliləyişi dəstəkləyir və avtonom döyüş bacarıqlarını inkişaf etdirir.
Təlim zamanı “Lumberjack” PUA-nın bir sıra mühüm imkanları uğurla nümayiş olunub. Belə ki, tam avtonom missiya idarəetməsi çərçivəsində ABŞ Ordusunun “Maven Smart System” platforması vasitəsilə hərbçilər PUA-nın funksiyalarını sınaqdan keçiriblər. Dəqiq zərbə qabiliyyəti baxımından isə “Lumberjack”, “Hatchet” adlı 6 funtluq miniatür sursatının simulyasiya edilmiş istifadəsini həyata keçirib və bununla adətən daha böyük silah sistemlərinə xas olan imkanları nümayiş etdirib.
Süni intellektlə dəstəklənən adaptiv hədəfləmə funksiyası sayəsində “Palantir Technologies” şirkəti tərəfindən hazırlanmış “Agentic Effects Agent” sistemi avtomatik hədəf aşkarlama vasitələrini inteqrasiya edərək dinamik döyüş şəraitinə insan nəzarəti altında sürətlə uyğunlaşma imkanı yaradıb. Bundan əlavə, PUA peyk datalink vasitəsilə görmə xəttindən kənarda fasiləsiz rabitəni qoruyaraq real vaxt rejimində missiya yeniləmələrinin və zərər qiymətləndirmələrinin ötürülməsini təmin edib. Dəqiq zərbə mərhələsi tamamlandıqdan sonra isə “Lumberjack” problemsiz şəkildə kəşfiyyat rejiminə keçərək əlavə döyüş məlumatlarının toplanmasını həyata keçirib.
“Northrop Grumman” “Lumberjack” PUA-nı “Empirical Systems Aerospace” (ES Aero) və “Palantir Technologies” şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlayıb. Layihə 14 aydan az müddətdə konsepsiyadan ilk uçuş mərhələsinə çatıb.
“Lumberjack” aşağı qiymətli, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş hücum tipli pilotsuz uçuş aparatıdır. O, müasir döyüş əməliyyatlarını dəstəkləmək üçün hazırlanıb və modul mərkəzi bölməsi sayəsində müxtəlif faydalı yüklərlə təchiz edilə bilər.
“Lumberjack”, döyüş meydanında “attritable” (itirilə bilən) platforma kimi nəzərədə tutulub ki, bu yanaşma da hər zərbənin maya dəyərini azaltmağa və əməliyyat effektivliyini qorumağa imkan verir. Onun uzun mənzilli uçuş qabiliyyəti və sürəti operatorlara təhlükəsiz məsafədən fəaliyyət göstərmək bacarığı yaradır. PUA həm hava, həm də yer platformalarından buraxıla bilər. Bu isə sürətli yerləşdirmə və dəqiq zərbələr üçün yüksək əməliyyat çevikliyi təmin edir.