AZ

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Vətəninfo.az xəbər verir ki, sərəncama əsasən, ölkədə bu sahənin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, ixrac potensialının artırılması və yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini 4 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Sənədə əsasən, proqram çərçivəsində özəl sektor layihələrinin nəzərə alınması, dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi və sənayenin rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlər görüləcək.

Eyni zamanda, Azəralüminium MMC üzrə istehsal gücünün artırılması planlaşdırılır. Belə ki, elektroliz zavodunun tamamlanması ilə 2030-cu ilədək illik istehsalın 100 min tona, alüminium yayma məhsullarının isə 50 min tona çatdırılması nəzərdə tutulur.

Bununla yanaşı, kalsinasiya və anodbişirmə zavodunun tikintisi, enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, eləcə də sahəyə əlavə investisiyaların cəlbi istiqamətində tədbirlər görüləcək.

Sərəncama əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir və onun aktivləri “Azəralüminium” MMC-nin balansına verilir.

Həmçinin, şirkətin borclarının tənzimlənməsi, müəyyən öhdəliklərin silinməsi və maliyyə məsələlərinin dövlət büdcəsi hesabına həlli nəzərdə tutulur.

Seçilən
25
1
veteninfo.az

2Mənbələr