ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların NATO-dan çıxması imkanlarını araşdırdığını bəyan edib.
Musavat.com xəbər verir ki, o, alyansı "kağız pələng" adlandırıb və İranla yaşanan münaqişə fonunda müttəfiqlərin mövqeyindən narazılığını ifadə edib.
"The Telegraph" qəzetinə müsahibəsində Tramp bu variantı ciddi şəkildə nəzərdən keçirdiyini vurğulayaraq, qərarın sadəcə "yenidən baxılma" mərhələsini keçdiyini bildirib.
"NATO məni heç vaxt inandırmayıb. Mən həmişə onların "kağız pələng" olduqlarını bilirdim", - deyə o qeyd edib.
ABŞ lideri öz mövqeyini müttəfiqlərin İran və qlobal enerji tədarükünə təsir edən Hörmüz boğazı ilə bağlı əməliyyatlarda yetərincə dəstək verməməsi ilə əlaqələndirib.
Bundan əlavə, Tramp jurnalistlərə açıqlamasında müharibənin tezliklə bitə biləcəyini deyib. O, ABŞ-nin yaxın vaxtlarda bölgəni tərk edəcəyini və hərbi əməliyyatların iki-üç həftə ərzində yekunlaşa biləcəyini diqqətə çatdırıb.
Musavat.com