AZ

Bakıdakı yeni plastik cərrahiyyə klinikası işə başlayıb

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının fəaliyyəti başlayıb

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində yeni fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında 9 daimi plastik cərrah həkim çalışacaq və əməliyyatlar icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək.

Klinikanın baş həkimi Dilqəm Məmmədov bildirib ki, müəssisə rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə multidissiplinar əməkdaşlıq quracaq, müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işlərinə önəm verəcək.

Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika və üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.

Baş həkim vurğulayıb ki, klinika yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislərlə təchiz olunub. Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.

Dilqəm Məmmədov qeyd edib ki, klinikanın fəaliyyəti Azərbaycanda plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

Seçilən
18
7
anews.az

10Mənbələr