AZ

Məhərrəm ayında toy etmək olar? – ÖNƏMLİ AÇIQLAMA

Məhərrəm ayı İslam təqviminin ilk ayı olmaqla yanaşı, həm də tarix boyu müəyyən kədərli hadisələrlə, xüsusilə Kərbəla hadisəsi ilə yadda qalıb. Azərbaycanda və bir çox müsəlman ölkələrində bu ayda toy və şənlik mərasimlərinin keçirilməməsi ənənə halını alıb.

Lakin bir çoxlarını düşündürən əsas sual budur: Bu ayda ailə qurmaq dinən qadağandırmı və ya bu ayda evlənənlərin gələcək xoşbəxtliyinə hər hansı mənfi təsir varmı?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan dini ekspert Tural İrfan bildirib ki, İslam dinində konkret olaraq hansısa ayda və ya gündə toy etməyin haram olması barədə bir hökm yoxdur:

“İslamda zamanın hamısı mübarəkdir və Allahın yaratdığı heç bir ayda, gündə bədbəxtlik gizlənməyib. Şəriət baxımından Məhərrəm ayında nikah bağlamaq və ya ailə qurmaq qadağan deyil. Bu, daha çox mənəvi və etik məsələdir. Məhərrəm ayı Peyğəmbər (s) nəvəsi İmam Hüseynin (ə) şəhadət ayı olduğu üçün xalqımız bu aya ehtiram əlaməti olaraq şənliklərdən çəkinir”.

Onun sözlərinə görə, toyun uğurlu və ya uğursuz olması ayın adı ilə bağlı deyil, qurulan ailənin təməli ilə bağlıdır:

“İnsanlar arasında belə bir yanlış inanc var ki, Məhərrəm ayında toy edənlərin sonu bədbəxtliklə bitir və ya bu ailədə ruzi-bərəkət olmur. Dinimizdə ‘uğursuz zaman’ anlayışı yoxdur. Əgər bir ailə dağılırsa, bunun səbəbini ayda deyil, xasiyyətlərin uyğunsuzluğunda, qarşılıqlı hörmətin olmamasında axtarmaq lazımdır. Xoşbəxtlik aylardan asılı deyil”.

Ekspert qeyd edib ki, cəmiyyətdəki bu ənənə daha çox matəm duyğusundan irəli gəlir:

“Azərbaycan xalqı əsrlərdir Əhli-beyt sevgisi ilə bu ayı yas saxlayır. Bu, dini qadağadan daha çox, xalqın daxili mənəviyyatından, şəhidlərimizə olan ehtiramından irəli gələn bir susqunluqdur. Lakin kiminsə zəruri ehtiyacı varsa və bu ayda nikah kəsdirirsə, onu günahlandırmaq və ya bədbəxt olacağını iddia etmək xurafatdan başqa bir şey deyil”.

Tunar
NOCOMMENT.az

Seçilən
62
nocomment.az

1Mənbələr