Martın 30-da Musavat.com saytında İranda 11 yaşlı oğlanın hava zərbəsi nəticəsində öldürüldüyü ilə bağlı xəbər yayımlanmışdı.
Məlumat HENGAW hüquq-müdafiə təşkilatına istinadən təqdim olunmuşdu. Xəbərdə bildirilirdi ki, Əlirza Cəfəri hadisə zamanı nəzarət-buraxılış məntəqəsində olub və müəyyən funksiyalar yerinə yetirirmiş.

Lakin İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi saytımıza müraciət edərək 30 mart 2026-cı il tarixində dərc edilmiş "İranda hərbi xidmətə cəlb edilən 11 yaşlı oğlan öldürüldü" başlıqlı xəbərdə gedən məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
Səfirlik sözügedən xəbəri təkzib edib və məsələyə aydınlıq gətirilməsini istəyib.
Səfirliyin məlumatında qeyd olunub ki, İran İslam Respublikasının müvafiq qanunvericiliyinə əsasən, hərbi xidmətə çağırış üçün müəyyən edilmiş hüquqi yaş həddi 18 yaşdır və bu sahədə hər hansı dəyişiklik edilməyib. Bildirilir ki, 11 yaşlı uşağın "hərbi xidmətə çağırılması" və ya "nəzarət-buraxılış məntəqəsində vəzifə icra etməsi" barədə iddialar həqiqəti əks etdirmir:
"Tehrandakı hərbi təsisatlara hava zərbəsi endirilməsi və nəticədə qeyd olunan iddialara uyğun hər hansı bir uşağın həyatını itirməsi barədə rəsmi orqanlarda heç bir qeyd mövcud deyil.
Qeyd edilməlidir ki, son dövrlərdə bəzi Qərb və İran hüdudlarından kənarda fəaliyyət göstərən farsdilli media qurumları tərəfindən uydurma adlardan istifadə edilməsi və emosional-dramatik ssenarilərin hazırlanması, İranın dövlət institutlarının nüfuzuna xələl gətirməyə yönəlmiş təşkilatlanmış psixoloji müharibənin tərkib hissəsidir.
Sonda, peşəkar jurnalistika prinsiplərinə riayət olunması və məlumat mənbələrinin dəqiqliklə yoxlanılması ilə Azərbaycan Respublikasının media məkanında yanlış informasiyaların yayılmasının qarşısının alınacağına, habelə bunun iki ölkə arasında münasibətlərə, xüsusilə mövcud həssas şəraitdə, mənfi təsir göstərməsinin önlənəcəyinə ümidvar olduğumuzu bildiririk".
Şahanə Rəhimli
Musavat.com