“Rusiya iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün İrəvana qarşı hibrid müharibəyə başlayıb”.
Bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar” adlı QHT-nin koordinatoru Daniel Ohanisyan deyib.
Onun sözlərinə görə, Ermənistanın bəzi media orqanları hibrid müharibə alətlərinə çevrilib, onların Rusiyanın təsiri altında olduqları açıq şəkildə görünür (Teleqraf).
Hibrid müharibənin təzahürü olaraq, Ohanesyan nümunə də gətirib: “Milli Təhlükəsizlik Xidmətinin binasına “Molotov kokteyli” atmaq hibrid hücumla əlaqəli zorakılıq aktıdır”.
QHT nümayəndəsi əlavə edib ki, Rusiyadakı erməni iş adamları təzyiqlə bağlı həyəcan təbili çalırlar: “Onlara təzyiq edirlər ki, tabeçiliyində olanlara 100 min rubl verib seçkilərdə iştirak üçün Ermənistana göndərsinlər. Hətta bu insanları gətirmək üçün avtobuslar da səfərbər olunur. Bütün bunları Rusiya FSB-si təşkil edir. Söhbət təxminən 80-100 min nəfərdən gedir. Onlar həmçinin Gürcüstandan da insanlar gətirmək istəyirlər. Həm Ermənistan, həm də Rusiyada seçki rüşvətlərinin paylanması barədə məlumatımız var. Rusiyada yaşayan insanlar demokratiyanın nə olduğunu heç bir şəkildə bilmirlər. Onlara xəbərdarlıq edilməlidir ki, seçki rüşvətləri aldıqlarına görə mühakimə olunacaqlar, həyatlarını 2033-cü ilə qədər cəzaçəkmə müəssisəsində keçirəcəklər”.
Ohanisyan Rusiyanın hədəfinin Ermənistanda hakimiyyət çevrilişi və ya Nikol Paşinyanı devirmək olduğunu qeyd edib.
Maraqlıdır ki, bu gün – aprelin 1-də Baş nazir Nikol Paşinyanla Vladimir Putin arasında Moskvada görüş gözlənilir.
“Danışıqlar zamanı Rusiya-Ermənistan strateji tərəfdaşlığı, müttəfiqliyinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmdəki cari məsələlər, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə olunacağı planlaşdırılıb”, - deyə Kremldən bildirilib.
Bəs Ermənistanda 100 min nəfərlə çevriliş həyata keçirmək mümkünmü? Xalq Rusiyanın ssenarisində iştirak edərmi?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, Ermənistandakı son vəziyyətin həm geosiyasi, həm də daxili siyasi baxımdan kifayət qədər gərgin və mürəkkəb olduğu reallıqdır:
“Daniel Ohanisyanın dediyi kimi, Rusiyanın hibrid müharibə alətlərindən istifadə edərək seçkilərə təsir göstərmə cəhdləri də əslində gözləniləndir və yeni bir şey deyil. O ki qaldı Rusiyada səfərbər edilməsi gözlənilən 80-100 min nəfərdən, təbii ki, burada rəqəm ifadəsi simvolikdir. Yəni bu rəqəm daha çox və ya az da ola bilər. Əsas olan odur ki, Rusiyada həqiqətən də bu istiqamətdə fəaliyyətə start verilibsə bu artıq ciddi çağırışdır.
Amma qeyd etmək lazımdır ki, reallıq baxımından bu cür ssenari həm praktik, həm də sosial baxımdan çətin görünür. Çünki 100 min nəfərin seçkilərin gedişinə təsir göstərə bilməsi ehtimalı çox aşağıdır. Onu da nəzərə alaq ki, Paşinyanın özü və tərəfdarları hələ də ictimai dəstəyə malikdirlər. Rusiyadan səfərbər ediləcək qüvvə ən yaxşı halda kütləviliyin təmin edilməsində və ya hakimiyyətə təzyiqin saxlanılmasında rol ala bilər ki, bu da seçkilərin nəticələrinə elə də böyük təsir göstərməyəcək.
Yəni, say etibarı ilə belə bir hibrid əməliyyat mümkündür, amma onun uğurlu olması sosial-mədəni və siyasi müqavimətlərlə ciddi şəkildə məhdudlaşır. Xalqın Rusiyanın ssenarisində iştirak edib-etməməsi isə, əsasən ictimai rəy və siyasi mədəniyyətlə bağlıdır. Ohanisyanın qeyd etdiyi kimi, Rusiyada yaşayan ermənilər demokratiya təcrübəsi az olan bir mühitdə formalaşıblar və onların belə səfərbərliklərdə iştirak etməsi mümkündür. Amma Ermənistanda yaşayan və Paşinyanı dəstəkləyən böyük bir hissə var və bu, açıq qarşıdurma və etiraz dalğalarını doğura bilər”.
Politoloqa görə, yəni, “çevriliş” konsepti yalnız xarici təşkilatlarla deyil, həm də daxili ictimai rəy və hakimiyyət strukturları ilə qarşılıqlı münasibətə bağlıdır:
“Hakimiyyət hələ ki, yekdildir, parçalanma müşahidə olunmur, güc strukturları isə Paşinyana sadiqdir və bunu keçən dövr ərzində dəfələrlə sübut edib. Paşinyanın eyni zamanda Moskvaya getməsi də maraqlı diplomatik mesajdır. Bu səfər göstərir ki, Ermənistan əslində Rusiyadan gələ biləcək təhlükələrdən xəbərdardır və seçki öncəsi Rusiyanın təsirini minimallaşdırmaq üçün bu cür diplomatik gedişlərdən istifadə edir.
Burada əsas nüans ondan ibarətdir ki, Rusiya həm Paşinyanı təzyiq altında saxlamaq, həm də açıq konfrontasiya yaratmamaq üçün hibrid alətlərdən və diplomatik kanallardan paralel şəkildə istifadə edir. Ümumi dəyərləndirsək deyə bilərik ki, çevrilişin baş tutması çox çətin və riskli görünür. Çoxluğun Rusiyanın planında iştirak edəcəyi inandırıcı deyil. Paşinyanın siyasi dayanıqlılığı, eləcə də Qərb tərəfdaşlarının dəstəyi bu cür müdaxiləni əngəlləyə bilər”.
Cavanşir ABBASLI,
Musavat.com