AZ

“Azərbaycan Mədəniyyəti-2040”: Müasir mədəni inkişaf modeli və dövlət siyasətinin strateji çərçivəsi

Bakı, 1 aprel, AZƏRTAC

Müasir dövrdə mədəniyyət yalnız mənəvi sahə deyil, həm də sosial, iqtisadi və siyasi inkişafın mühüm amillərindən biri kimi təzahür edir. Qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin formalaşması şəraitində mədəniyyətin funksiyaları genişlənib, onun dövlət siyasətində rolu daha da artıb. Bu kontekstdə hazırlanmış “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyası ölkəmizdə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən fundamental sənəd kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının baş müəllimi Səba Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası: Müasir mədəni inkişaf modeli və dövlət siyasətinin strateji çərçivəsi” adlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, konsepsiyada təqdim olunan müasir mədəniyyət modeli Azərbaycan cəmiyyətinin həyat tərzinin ayrılmaz komponenti kimi mədəniyyətin rolunun genişləndirilməsinə yönəlib. Bu model mədəniyyətin gündəlik həyatın tərkib hissəsinə çevrilməsini təmin etməklə yanaşı, ənənəvi və müasir elementlərin qarşılıqlı əlaqədə inkişafını nəzərdə tutur. Eyni zamanda, mədəniyyətin elm, təhsil və innovasiyalarla inteqrasiyası bu sahənin funksionallığını artıran mühüm istiqamətdir. Konsepsiya çərçivəsində cəmiyyətin mədəni müxtəlifliyinin qorunması və milli birliyin möhkəmləndirilməsi prioritet hesab olunur. Bununla yanaşı, mədəniyyətə coğrafi, iqtisadi və rəqəmsal baxımdan əlçatanlığın təmin edilməsi mühüm vəzifə kimi müəyyən edilib. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması ilə paralel olaraq rəqəmsallaşma prosesində ənənəvi ünsiyyət formalarının balanslaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin beynəlxalq mədəni mübadilənin genişləndirilməsi Azərbaycan mədəniyyətinin qlobal məkanda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Konsepsiyada mədəniyyət çoxşaxəli və kompleks sistem kimi təqdim edilir və onun strukturunda bir-biri ilə qarşılıqlı əlaqədə olan əsas sahələr müəyyənləşdirilir. Bu sahələrə Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs daxildir. Hər bir istiqamət mədəniyyətin müxtəlif funksional aspektlərini əhatə etməklə yanaşı, bütövlükdə milli mədəni sistemin formalaşmasında mühüm rol oynayır. Azərbaycan dili tarix boyu milli identikliyin əsas daşıyıcısı olub. Onun formalaşması erkən türk dillərinin inkişafı, regional dialektlərin qarşılıqlı təsiri və müxtəlif siyasi hakimiyyətlərin dil siyasəti ilə sıx bağlı olub. Orta əsrlərdə saray və ədəbi dil kimi inkişaf edən Azərbaycan türkcəsi xüsusilə klassik poeziya vasitəsilə yüksək estetik səviyyəyə çatıb.

XIX əsrdə mətbuatın yaranması ilə dil ictimai kommunikasiya vasitəsinə çevrilib. Sovet dövründə müəyyən ideoloji təsirlərə məruz qalsa da, Azərbaycan dili öz funksionallığını qoruyaraq geniş istifadə sahəsinə malik olub. Müstəqillik dövründə isə dövlət dili statusunun möhkəmləndirilməsi onun milli kimlikdəki rolunu daha da artırıb. Bu baxımdan dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşın, kollektiv təcrübənin və milli ideologiyanın daşıyıcısıdır.

Bununla yanaşı, Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri” anlayışı çərçivəsində milli və ümumbəşəri prinsiplərin vəhdəti əsas götürülür. Bu dəyərlər sisteminə milli-mənəvi irs, tolerantlıq, dövlətçilik ənənələri, hüququn aliliyi, azadlıq və bərabərlik kimi fundamental prinsiplər daxildir.

Konsepsiya mədəni müxtəlifliyin qorunmasını və milli birliyin möhkəmləndirilməsini prioritetlərdən biri kimi müəyyənləşdirir. Bununla yanaşı, mədəniyyətə coğrafi, iqtisadi və rəqəmsal əlçatanlığın təmin edilməsi mühüm vəzifə kimi irəli sürülür. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması ilə rəqəmsal transformasiya proseslərinin balanslaşdırılması xüsusi aktuallıq kəsb edir. Eyni zamanda, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi Azərbaycan mədəniyyətinin qlobal mədəni məkanda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Müxbir – Xatirə Cəfərova

Seçilən
22
50
azertag.az

10Mənbələr