DÇ-2026-nın final mərhələsində iştirak edəcək 48 komandanın hamısı müəyyənləşib. Bu, ötən gecə keçirilən pley-off-un final oyunlarından sonra bəlli olub. Komandalar arasında 24 ildən sonra mundiala vəsiqə qazanan Türkiyə millisi də var. Son iki dünya çempionatında iştirak edə bilməyən İtaliya millisi isə bu dəfə də yarışa vəsiqə qazana bilməyib. Bu 48 komanda arasında isə debüt edənlər var. Onlardan ən diqqət çəkəni Kurasao millisidir.
Musavat.com adı bir çox oxucular üçün ilk dəfə görünən Kurasao ölkəsi haqqında məlumatları təqdim edir:

Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir. Əhalisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəlidir. Ölkə Ərəb, Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir. Yerli dili papyamento dili olmasına baxmayaraq, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi. Həmin il papyamento dili də ikinci rəsmi dil kimi qəbul olunub. 2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 81 %-i evdə papyamento dilində danışarkən 8 %-i Niderland dili, 6 %-i ispan, 3 %-i ingilis və 2 %-i də digər dillərdə danışır.
Ada hələ də Niderland Krallığının tərkibinə daxildir, rəsmi dövlət başçısı isə Niderland kralı Villem-Aleksandır sayılır. Xarici siyasət və hərbi müdafiə Niderlandın öhdəsindədir, yerli hakimiyyət isə daxili idarəetmədə geniş muxtariyyətə malikdir. Bunu Farer adalarının Danimarka daxilindəki statusu ilə müqayisə etmək olar. Adada müxtəlif dövrlərdə sefard yəhudiləri, eləcə də Simon Bolivar tərəfdarları kimi qaçqınlar yerləşib. Kurasaonun gəlirli sahəsi onlayn kazinolar və bukmeker şirkətləridir. 1993-cü ildə qəbul edilmiş qanun sayəsində ada onlayn qumar sənayesinin dünya mərkəzlərindən birinə çevrilib.

Kurasao millisinə gəlincə, 2015-ci ildə 39 yaşlı Patrik Klyuvertin baş məşqçi təyin olunması ilə ölkədə futbola böyük maraq yarandı. Onun anası Kurasaoda doğulmuşdu. O, iddialı şəkildə DÇ-2018-ə vəsiqə qazanmaq hədəfini elan etdi və tam yeni seçim siyasəti başladı. Yerli həvəskarlar əvəzinə Niderlandda yetişmiş, lakin Karib kökləri olan peşəkar futbolçular yığmaya dəvət olundu. Ancaq hazırkı uğurda ən böyük pay sahibi Dik Advokat oldu. Tanınmış niderlandlı mütəxəssis təqaüdə çıxmaq qərarına gəlsə də, yerli federasiya onun fikrini dəyişə bildi. Nəticədə Advokaat mundiala ekzotik komanda yolladı. Lakin özü DÇ-2026-nı kənardan izləyəcək. Buna səbəb isə həlledici matçdan 3 gün əvvəl ailəvi səbəblərdən postundan istefa verməsidir. Son sözləri isə belə oldu: "Bu qərarı ürək ağrısı ilə verməli oldum, amma ailə futboldan daha önəmlidir. Niderlandda olsam da, komanda və heyətlə daim təmasda olacağam. Bu futbolçulara tam güvənirəm".
Xatırladaq ki, ada ölkəsinin qrupdakı rəqibləri Almaniya, Kot-d'İvuar və Ekvadordur.
Emil Salamoğlu
Musavat.com