AZ

Aprel Zəfəri: Milli qürurun təntənəsi və tarixi qələbəyə aparan yol

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək əzmində qətiyyətlidir və bu yolda həm siyasi, həm də hərbi baxımdan kifayət qədər güclüdür.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev bilidirib.

Onun sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatına başlayıb.

“Qısa müddət ərzində əldə edilən hərbi nailiyyətlər, azad olunan strateji yüksəkliklər və mövqelər Ordumuzun peşəkarlığını, yüksək döyüş hazırlığını və müasir hərbi texnologiyalardan səmərəli istifadə bacarığını bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində Tərtər, Cəbrayıl və digər istiqamətlərdə mühüm ərazilər düşmən işğalından azad edildi. Xüsusilə Lələtəpə yüksəkliyinin azad olunması həm hərbi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu uğur sonrakı mərhələdə Cocuq Mərcanlı kəndinin bərpasına və insanların doğma yurdlarına qayıdışına imkan yaratdı. Bu isə xalqımızın Böyük Qayıdış arzularının ilk real təcəssümü oldu. Aprel zəfəri təkcə hərbi uğur deyildi. Bu qələbə xalqımızın milli ruhunu yüksəltdi, özünəinamını bərpa etdi və uzun illər davam edən işğalın sona çatacağına olan inamı daha da gücləndirdi”, - deyə deputat vurğulayıb.

N.Həmzəyev əlavə edib ki, bununla Azərbaycan vətəndaşı bir daha güclü dövlət və güclü ordu amilinin milli təhlükəsizliyimizin əsas təminatı olmasına əmin olub: “İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu son illərdə ən müasir silah və texnika ilə təchiz edilib, peşəkar kadr potensialı gücləndirilib. Aprel döyüşləri zamanı əldə edilən uğurlar bu siyasətin real nəticəsi kimi qiymətləndirilməlidir. Bu döyüşlər həm də Ermənistanın illərlə formalaşdırmağa çalışdığı “məğlubedilməz ordu” mifinin iflası ilə nəticələndi. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, münaqişənin əsas tərəfi Ermənistan dövlətidir və regionda sabitliyin pozulmasına görə məsuliyyət daşıyır. Aprel döyüşləri 2020-ci il Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin başlanğıcı oldu. Məhz həmin döyüşlərdə əldə edilən hərbi-strateji üstünlüklər və psixoloji üstünlük sonrakı böyük zəfərin təməlini təşkil etdi. 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və tarixi ədalət təmin olundu”.

Naqif Həmzəyevin sözlərinə görə, Aprel zəfəri Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz torpaqları uğrunda sonadək mübarizə aparacağanı göstərdi.

Müxbir - Vüqar Qurbanoğlu

Seçilən
42
azertag.az

1Mənbələr