AZ

Saxta “Polaroid”lər bazarda: alıcılar necə aldadılır? - REPORTAJ

Son illərdə eynəklərə tələbat nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəblərindən biri gündəlik həyatımızda texnologiyaların rolunun sürətlə genişlənməsidir. Telefon, planşet, kompüter kimi cihazlardan uzunmüddətli istifadə göz yorğunluğunu artırır, nəticədə isə görmə zəifliyi, quruluq, həssaslıq kimi problemlər daha geniş yayılır. Xüsusilə, şəhər mühitində yaşayan insanlar günün böyük hissəsini ekran qarşısında keçirdiyi üçün eynək artıq təkcə ehtiyac deyil, həm də zərurətə çevrilib.

Digər tərəfdən, mövsümi faktorlar da bu sahədə tələbatı artırır. Yaz və yay aylarında günəş şüalarının intensivləşməsi, ultrabənövşəyi şüaların təsirinin güclənməsi insanların günəş eynəklərinə marağını daha da artırır. Xüsusilə allergiyadan əziyyət çəkənlər, gözləri həssas olan şəxslər və müxtəlif oftalmoloji problemləri olanlar üçün keyfiyyətli eynək gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Mütəxəssislər isə bu məsələdə ən vacib məqamın keyfiyyət olduğunu vurğulayırlar. Lakin əhali arasında aparılan müşahidələr göstərir ki, keyfiyyətli eynəklərin qiymətinin yüksək olması alıcıların narazılığına səbəb olur.

Musavat.com əməkdaşı bu vəziyyəti yerində araşdırmaq üçün paytaxtdakı optik apteklərdə olub, satıcı və mütəxəssislərlə söhbət edib.

WhatsApp

Apteklərdən birində əczaçı bildirib ki, alıcılar arasında ən çox maraq doğuran modellərdən biri “Polaroid” eynəkləridir:

“Bu eynəkləri daha çox tövsiyə edirik, çünki keyfiyyət baxımından digərlərindən seçilir. UV400, yəni ultrabənövşəyi şüalara qarşı tam qoruyucu filtrə malik modellər günəş şüalarını effektiv şəkildə süzür. Bu da gözün tez yorulmasının, ağrımasının qarşısını alır. Günəş işığı bəzi insanlarda, xüsusilə allergiyası olanlarda və ya gözləri həssas olanlarda ciddi narahatlıq yaradır. Ona görə də belə eynəklər həm rahatlıq, həm də sağlamlıq baxımından daha məqsədəuyğundur”.

Əczaçının sözlərinə görə, bazarda keyfiyyət məsələsi ən ciddi problemlərdən biridir. Belə ki, orijinal eynəklər əsasən optik mağazalar və apteklərdə satıldığı halda, küçə ticarətində təqdim olunan məhsulların böyük hissəsi saxtadır:

“Küçədə satılan eynəklər çox vaxt keyfiyyətsiz olur. İnsanlar ucuz olduğu üçün alır, amma bu, göz üçün təhlükəlidir. Belə eynəklər qorumaq əvəzinə, əksinə, zərər verə bilər. Bunun üçün bizə müraciət edən alıcılara eynəkləri test edərək göstəririk. Orada müxtəlif şəkillər görünürsə, bu orijinal eynəklərdir”.

WhatsApp

Optik eynəklərlə bağlı da seçim zamanı diqqət yetirilməli məqamlar az deyil. Satıcı qeyd edir ki, çərçivə seçimi xüsusi əhəmiyyət daşıyır:

“Elastik çərçivələr daha davamlı olur, tez qırılmır. Plastik çərçivələr isə daha tez zədələnir. Şüşələrə gəldikdə isə, qismən və tam qoruyucu variantlar var. Tam qoruyucu şüşələr daha keyfiyyətli sayılır və göz sağlamlığı üçün daha uyğundur”.

Eynəklərin mənşəyi də alıcıların seçimində mühüm rol oynayır. Əczaçının görə, bazarda müxtəlif ölkələrdən gətirilən məhsullar mövcuddur:

“Əsasən Fransa, Amerika və İtaliya istehsalı olan eynəklər satılır. Şüşənin keyfiyyəti baxımından isə Almaniya istehsalı olan məhsullar daha üstün hesab olunur”.

WhatsApp

O ki qaldı qiymətlərə, əczaçı eynklərdən birini göstərərək dedi:

“Baxın, bu 65 manatadır, amma orada 20-30 manata da eynəklər var. Bu daha keyfiyyətlidir, müştəriyə də bunu bildiririk. Çox vaxt bahadır deyib, ucuz olanı alırlar. Yəni seçim onlarındır”.

Aptekə eynək almaq üçün gələn alıcılardan birindən eynəyin keyfiyyətindən xəbərdar olub-olmadığını soruşduq. O, eynəyi görünüşünə görə aldığını dedi:

“Keyfiyyətli eynəklər çox bahadır. Mənim gücüm 20 manatlıq eynək almaq bəsdir. Əsas mənə yaraşsın”.

Həkimlər də bu məsələdə diqqətli olmağın vacibliyini xüsusi vurğulayırlar. Onların fikrincə, eynək seçimi yalnız estetik zövqə əsaslanmamalıdır. Oftalmoloqlar bildirir ki, düzgün seçilməmiş eynəklər görməni daha da zəiflədə bilər. Xüsusilə günəş eynəklərində UV qorumasının olması vacibdir. Əks halda, göz bəbəyi genişləndiyi üçün zərərli şüalar daha çox daxil olur və bu da göz sağlamlığı üçün risk yaradır. Eyni zamanda, optik eynəklər mütləq həkim müayinəsindən sonra, fərdi resept əsasında seçilməlidir.

WhatsApp

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr