AZ

2 aprel — Beynəlxalq Kitabı Günü qeyd olunub


Beynəlxalq Uşaq Kitabı Günü uşaqların dünyagörüşünün formalaşmasında kitabın əvəzsiz rolunu xatırladan xüsusi bir gündür. Bu tarix təsadüfi seçilməyib. Dünya uşaq ədəbiyyatının simvoluna çevrilmiş Hans Xristian Andersenin doğum gününə ithaf olunub.
1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Uşaq Kitabı gününün yaranması uşaqların kitaba marağını artırmaq, oxu sevgisini formalaşdırmaq, onların intellektual səviyyəsini yüksəltmək və hərtərəfli inkişafına dəstək olmaq məqsədi daşıyır. Uşaq kitabı sadəcə rəngli şəkillər və sadə cümlələr toplusu deyil. O, uşağın dünyanı tanıdığı ilk pəncərə, xarakterinin formalaşdığı ilkin təməldir. Kitabla tanış olan uşaq, eyni zamanda, düşünməyi, anlamağı və öz dünyasını qurmağı öyrənir.

Kitab oxumağın uşaq inkişafında böyük rolu var.

Uşaq kitabları erkən yaşlardan etibarən bir neçə istiqamətdə inkişafı dəstəkləyir.
Hekayələr vasitəsilə uşaq başqalarının hisslərini anlamağı, yaxşı ilə pis arasındakı fərqi seçməyi öyrənir. Bu, onun şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir.
Kitab oxuyan uşaq hazır görüntülərlə kifayətlənmir, oxuduqlarını öz təsəvvüründə canlandırır. Bu, onun yaradıcılıq qabiliyyətini gücləndirir.

Mütaliə uşağın söz ehtiyatını artırır, fikirlərini daha aydın və düzgün ifadə etməsinə kömək edir.

Kitab oxumaq emosional inkişafa da təsir göstərir. Kitablar uşağa müxtəlif hissləri tanımağı və onları idarə etməyi öyrədir. O, oxuduqları vasitəsilə qorxularını anlayır və onların öhdəsindən gəlməyi öyrənir. Müasir texnologiyalar uşaqların diqqətini tez cəlb etsə də, kitabın verdiyi dərin təsir fərqlidir. Kağız kitabla təmas, birlikdə oxunan hekayələr uşağın yaddaşında isti və güvənli xatirələr yaradır. Bu, oxumağa qarşı müsbət münasibətin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə valideyn və müəllimlərin də rolu böyükdür. Uşağa kitab vermək kifayət deyil, ona oxumağı sevdirmək vacibdir. Birlikdə mütaliə etmək, suallar vermək, hekayələri müzakirə etmək uşağın düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirir. Bununla da o, düşünməyi, analiz etməyi və müstəqil qərar verməyi öyrənir. Bu keyfiyyətlər isə gələcəkdə cəmiyyətin inkişafında mühüm rol oynayan fərdlərin yetişməsinə zəmin yaradır.

2 aprel bizə xatırladır ki, uşağa verilən ən dəyərli hədiyyələrdən biri kitab sevgisidir. Çünki oxuyan uşaq, düşünən, anlayan və gələcəyi quran insandır.

Dürdanə Qaraşova,

Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin kitabxana müdiri
Seçilən
32
1
newscenter.az

2Mənbələr