AZ

​Danışdığımız yalan niyə tez unudulur?

İnsanlar bəzən müxtəlif səbəblərdən yalan danışır. Maraqlısı odur ki, bu yalanlar çox vaxt uzun müddət yadda qalmır. Bunun əsas səbəbi beynin həqiqi məlumatları daha sabit və ardıcıl şəkildə yadda saxlamasıdır. Doğru məlumat təcrübə ilə möhkəmlənir, yalan isə süni şəkildə yaradıldığı üçün zəif yadda qalır.Psixoloq Vüsalə Rüstəm Metbuat.az-a bildirib ki, yalan danışarkən beyin eyni anda bir neçə prosesi idarə etməli olur: həm gerçəyi gizlətmək, həm də uydurulan məlumatı qorumaq: “Bu isə zehni yorur və nəticədə həmin məlumat uzunmüddətli yaddaşa düzgün ötürülmür. Ona görə də insanlar çox vaxt öz dedikləri yalanın detalları ilə bağlı çaşqınlıq yaşayır. Hamımız dəfələrlə şahidi olmuşuq ki, yalan danışmağı vərdişə çevirən adamların bu gün dediyi sözlə sabah danışdığı söhbət üst-üstə düşmür”. Vüsalə Rüstəm qeyd edib ki, yalan danışmaq diqqət və yaddaş arasında ziddiyyət yaradır. İnsan beyni eyni anda həm gerçəyi xatırlamağa, həm də onu dəyişdirərək təqdim etməyə çalışır. Bu “ikili yük” isə yaddaşın qarışmasına səbəb olur və zaman keçdikcə yalanın detalları bir-bir silinməyə başlayır.

“Yalanlar emosional baxımdan da zəif olur. Həqiqi xatirələr hiss və təcrübələrlə bağlı olduğu üçün daha çox yadda qalır, deyərdim ki, yaddaşın alt qatında özünə əbədi yer edir. Yalan isə daxili olaraq qəbul edilmədiyi üçün zamanla silinir və insanın özünü belə çaşdırmasına səbəb olur”, - psixoloq belə deyib.

Seçilən
59
metbuat.az

1Mənbələr