AZ

Rusiyanın, yoxsa Ukraynanın YAZ hücumu... – Aprel-iyunda strateji DÖNÜŞ gözləntisi 

Yazın gəlişi ilə Ukrayna cəbhəsində aktivlik artıb. ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya qüvvələri 2026-cı ilin yaz-yay ayları üçün Ukraynanın Donetsk bölgəsindəki əsas müdafiə xətti olan “Qalalar Qurşağı”na hücum planı hazırlayıb. Qeyd olunur ki, döyüşlərin intensivliyində kəskin artım və Rusiya taktikasında dəyişiklik qeydə alınıb.

ISW-yə görə, "Rusiya qüvvələri şimal-şərqdən müdafiə qurşağının şimal sərhədi olan Slovyanska doğru irəliləmək məqsədi ilə Liman istiqamətində quru əməliyyatlarına başlayıb ki, bu da sonrakı mərhələlərdə şərqdən və cənub-şərqdən Slovyanska daha bir hücum üçün şərait yaradacaq”. Liman Rusiyanın Slovyansk və Kramatorsk şəhərlərini ələ keçirmək cəhdləri üçün tramplin ola biləcək əsas müdafiə qovşağıdır.

Təbii ki, Ukraynanın da öz kontr-planı var. Hansı? Bu yaz mövsümündə tərəflərdən hansı biri ciddi hərbi uğurlara nail olmaq imkanındadır?

Ölkə Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski deyib ki, 2026-cı ildə Ukrayna Rusiya ordusunu hücumlardan çəkindirmək üçün strateji müdafiə əməliyyatı aparmağa diqqət yetirəcək. Onun sözlərinə görə, məqsəd ərazi itkisinin qarşısını almaq, Rusiyanın qüvvələrini və aktivlərini tükəndirmək, genişmiqyaslı hücum əməliyyatları üçün şərait yaratmaq, ehtiyatları artırmaq, şəxsi heyət üçün yüksək keyfiyyətli təlim keçirmək və eyni zamanda Rusiya ordusunun zəif olduğu ərazilərdə əks-hücum əməliyyatları aparmaqdır.

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Ukrayna müharibəsində yaz mövsümü hər zaman xüsusi hərbi əhəmiyyət daşıyır:

“Çünki qışda ağır texnikanın hərəkəti məhdudlaşır, yazın ortalarından isə torpaq quruduqca iri miqyaslı manevrlər mümkün olur. Bu səbəbdən tərəflər məhz aprel-iyun dövrünü əməliyyat baxımından “pəncərə” hesab edirlər.

2026-cı ildə isə vəziyyət bir qədər fərqlidir. Çünki Rusiya 2025-ci ilin sonundan etibarən Donetsk istiqamətində tədrici irəliləyiş taktikasını gücləndirib. Ukrayna isə genişmiqyaslı hücumdan daha çox strateji müdafiə və lokal əks-hücum modelinə keçib. Qərb silahlarının tədarükü və Ukrayna ordusunun yenidən təşkilatlanması davam edir. Bu səbəbdən 2026-cı ilin yazı tammiqyaslı hücumdan çox, tərəflərin bir-birini tükəndirmək taktikasının yeni mərhələsi kimi görünür”.

Hərbi ekspert deyib ki, ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatları göstərir ki, Rusiya əsas diqqəti Donetskdə Ukraynanın çoxpilləli müdafiə xəttinə yönəldib:

“Ukrayna hərbi planlaşdırmasında bu xətt qeyri-rəsmi olaraq “Qalalar Qurşağı” adlandırılır. Bu müdafiə sistemi Slovyansk, Kramatorsk, Kostiantınivka, Drujkivka şəhərlərini əhatə edir. Bu şəhərlər Donbasdakı Ukrayna ordusunun əsas logistik və komanda mərkəzləridir. Hazırda Rusiya qoşunlarının Liman istiqamətində aktivləşməsi təsadüfi deyil. Bu istiqamət şimaldan Slovyanska çıxış yaradır, Ukraynanın müdafiə xəttini yanlardan sındırmaq imkanı verir. Kramatorsk qrupunun təchizat yollarına təzyiq altına alır. Əgər Rusiya bu istiqamətdə uğur qazansa, Donbas cəbhəsinin operativ xəritəsi ciddi dəyişə bilər”.

Ekspertə görə, Rusiya öz taktikasında dəyişiklik etməklə son aylarda kiçik hücum qrupları ilə irəliləyişə nail olmağa çalışır:

“Dron və artilleriyanın koordinasiyalı istifadəsi də, Ukraynanın arxa logistik obyektlərinə zərbələrin artırılması da eyni taktikanın tərkib hissəsidir. Bu taktika Rusiyanın sürətli hücum deyil, tədrici və davamlı təzyiq strategiyasına keçdiyini göstərir. Ukraynanın strategiyası isə müdafiə və selektiv əks-hücuma əsaslanır.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski faktiki olaraq yeni strategiyanı açıq şəkildə elan edib. Bu strategiyanın əsas elementləri genişmiqyaslı hücumdan imtinadır. Möhkəmləndirilmiş müdafiə xətti qurmaqla rus qüvvələrinin tükəndirilməsi, ehtiyatların və təlimin artırılması məqsədi güdülür. Başqa sözlə, Ukrayna 2023-cü ildəki kimi böyük hücum planlaşdırmır. Ukraynanın bu mərhələdə müdafiə üstünlüyü var. Müharibə nəzəriyyəsində müdafiə edən tərəf adətən hücum edən tərəfdən 3 dəfə az qüvvə ilə mövqeləri saxlaya bilər.

Ukrayna həmçinin, pilotsuz aparatların istifadəsində çox ciddi irəliləyiş əldə edib. ABŞ və NATO ölkələrinin peyk və elektron kəşfiyyatı Ukraynanın məlumat üstünlüyünü qoruyur. Eyni zamanda, Rusiyanın da ciddi üstünlükləri qalır. Əsas olaraq Rusiya Ukraynadan daha böyük səfərbərlik potensialına malikdir. Donbas cəbhəsində artilleriya sayına görə üstünlük hələ ki, Rusiyadadır. Rusiya öz müdafiə sənayesini tam müharibə rejiminə keçirib.

Belə bir halda yaz kampaniyasının ən realist ssenari Rusiya lokal irəliləyişlər əldə etməsi, Ukrayna əsas şəhərləri qoruyub saxlaması ola bilər. Yəni, böyük ərazi dəyişiklikləri baş verməyəcək. 2026-cı ilin yaz hücumu strateji dönüş yaratmaya bilər. Bu müharibədə artıq tərəflərdən heç biri qısa müddətdə qəti qələbə qazanacaq gücdə görünmür”.

R. Məhərrəmov hesab edir ki, Rusiya Ukrayna müharibəsinin taleyini Qərb silahlarının Ukraynaya çatdırılma tempi, Rusiyanın yeni mobilizasiya qərarları və uzaqmənzilli raket və dron zərbələrinin intensivliyi dəyişə bilər:

“Əgər Ukrayna Qərbdən daha çox uzaqmənzilli silah alsa, cəbhənin arxa logistikası Rusiyanın zəif nöqtəsinə çevrilə bilər. 2026-cı ilin yazında nə Rusiya, nə də Ukrayna üçün “blitskriq” mümkün görünür. Rusiya Donbasda təzyiqi artırmağa çalışacaq, Ukrayna isə müdafiə strategiyası ilə bu hücumları tükəndirməyə çalışacaq. Yaz kampaniyası həlledici döyüş yox, uzun müharibənin növbəti mərhələsi olacaq”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
46
26
musavat.com

10Mənbələr