AZ

Ermənistanın geopolitika imtahanı: "Qapalı tunel", yoxsa müasir dünya? ÖZƏL

"Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, böyük ehtimalla rəsmi İrəvanda, daha doğrusu Nikol Paşinyan hakimiyyəti ətrafında mövcud olan situasiya daha da gərginləşəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, seçkilərin yaxınlaşması ölkədaxili vəziyyətin qarışa biləcəyini də vəd edir. Çünki hazırda Ermənistan cəmiyyəti yaxın gələcəklə bağlı strateji seçim etmək məcburiyyətindədir. Bu seçim ya ölkəni yenidən Rusiyanın nəzarətində olan "qapalı tunelə" qaytara bilər, ya da Paşinyan hakimiyyəti yenidən qalib gələcəyi təqdirdə Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşaraq daha müasir dünya tələblərinə uyğun inkişaf perspektivləri qazanmasına şərait yarada bilər. Yəni hazırda Ermənistan seçiciləri ölkənin bu iki yoldan hansını seçəcəyinə qərar verməlidir. Seçkilər yaxınlaşdıqca qarşı duran siyasi düşərgələr bir-birinə qarşı manipulyativ hücumlarını davam etdirirlər. Xüsusilə revanşist və radikal düşərgə Rusiyanın himayəsinə sığınaraq Ermənistanda hakimiyyət dəyişikliyi üçün bütün mümkün addımları atmağa çalışır və bu zaman müxtəlif vasitələrdən istifadə edir.

Ekspert qeyd edib ki, bu kontekstdə əsas amillərdən biri də Ermənistandakı Rusiya hərbi bazalarıdır. Paşinyan hakimiyyəti bu bazaların ölkədən çıxarılmasının tərəfdarı olduğunu gizlətmir. Bununla belə, rəsmi İrəvan bu məsələdə tələskənliyə yol vermək niyyətində olmadığını da nümayiş etdirir. Hesab olunur ki, əsas prioritet qarşıdakı seçkilərdə qalib gəlmək, daha sonra isə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına nail olmaq və paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə ölkəni blokadadan çıxarmaqdır. Mövcud şəraitdə tərəflər arasında kəskin və radikal addımların atılması ehtimalı istisna edilmir. Xüsusilə Rusiyaya bağlı agentura şəbəkəsi ilə əlaqələndirilən siyasi qüvvələrin ölkədə təxribatlar törətməsi mümkündür. Bu cür təxribatların hətta vətəndaş qarşıdurmasına, silahlı toqquşmalara qədər inkişaf edə biləcəyi ehtimal olunur. Bu baxımdan, Ermənistandakı daxili proseslərə Rusiya hərbi bazaları vasitəsilə müəyyən müdaxilələrin mümkünlüyü də istisna deyil. Lakin bu müdaxilələrin hansı mərhələdə və hansı səviyyədə olacağı hələ də qeyri-müəyyəndir. Əgər ölkədə silahlı qarşıdurma baş verərsə, Rusiya hərbi bazalarının daha açıq fəaliyyətə keçməsi və müəyyən lokal əməliyyatlarla bəzi qüvvələrə dəstək verməsi ehtimalı nəzəri olaraq mümkündür.

Siyasi şərhçinin sözlərinə görə, prosesin mürəkkəb xarakter daşıyacağı əvvəlcədən aydın idi və seçkiyə yaxınlaşdıqca qarışıqlıq və xaos ehtimalı artır. Görünür ki, seçki ərəfəsində Ermənistanın gələcək taleyini müəyyən edəcək proseslər daha intensiv xarakter alacaq. Seçkilərə qədər isə Rusiya hərbi bazalarının açıq müdaxiləyə keçmə ehtimalı nisbətən aşağı qiymətləndirilə bilər. Belə bir addımın atılması isə faktiki olaraq Rusiyanın Ermənistan üzərində nəzarəti daha da sərtləşdirməsi, qeyri-rəsmi şəkildə ölkəni öz təsir dairəsində tam saxlaması anlamına gələ bilər. Yaxın iki-üç ay ərzində baş verəcək hadisələr Ermənistanın gələcək siyasi kursunu və taleyini böyük ölçüdə müəyyən edəcək.

Saida Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr