Avropa dövlətləri bir tərəfdən, ABŞ-dan hərbi təhlükəsizlik sahəsində asılılığın azaldılmasında maraqlıdırlar, digər tərəfdən isə xüsusilə də, qlobal hərbi-siyasi gərginliyin davam etdiyi bir şəraitdə, hələ də Ağ Evin təhlükəsizlik təminatlarına ehtiyac duyurlar... Bu baxımdan, bir müddət əvvələ qədər müvəqqəti proses kimi görünən transatlantik ziddiyyətlər artıq tədricən uzunmüddətli infrastruktur dəyişikliyi ilə bağlı əlamətlər də qazanmağa başlayıb və bu, bütün qlobal təhlükəsizlik arxitekturası üçün həlledici xarakter daşıya bilər...
Dünya üzərində böyük nüfuza və təsir imkanlarına malik olan transatlantik alyansda siyasi çatlar dərinləşməkdə davam edir. Belə ki, Tramp administrasiyasının ziddiyyətli siyasi manevrləri ucbatından Avropa dövlətləri ABŞ-dan tədricən uzaqlaşmağa başlayıb. Və buna paralel olaraq isə ABŞ-ın da həm transatlantik məkanda, həm də ümumiyyətlə, dünyada hərbi-siyasi təsir mexanizmləri getdikcə daha çox zəifləyir.
Onu da qeyd etmək lazımdır ki, NATO-nun üzvü olan İtaliya öz ərazisindəki hərbi bazadan ABŞ-ın İrana qarşı mümkün hərbi zərbələr üçün istifadə etməsinə icazə verməyib. Ancaq bu, sadəcə, ABŞ və İtaliya arasındakı ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlərin nəticəsi hesab olunur. Yəni, Qərb siyasi dairələrində rəsmi Romanın bu kəskin mövqeyi məhz Avroatlantik məkanında gedən daha dərin geopolitik proseslərin real göstəricisi kimi izah olunur. Belə ki, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra ön plana çıxan bir çox əlamət onu göstərir ki, transatlantik məkanda artıq tamamilə yeni strateji reallıq formalaşır. Və bu reallıqda isə Avropa ölkələri Ağ Evin xarici siyasət xəttinə qeyd-şərtsiz tabe olmaqdan imtina edərək, ABŞ-dan tədricən uzaqlaşır.
Məsələ ondadır ki, yalnız İtaliyadan deyil, İspaniyadan da gələn son mesajlar ABŞ və Avropa ölkələri arasındakı münasibətlərdə sistemli dönüşün başlanğıc əlamətlərini sezdirir. Rəsmi Romanın ABŞ-ın döyüş əməliyyatları üçün hərbi infrastruktur verməkdən imtina etməsi Avropa dövlətlərinin Yaxın Şərqdə mümkün münaqişələrə cəlb olunma ehtimalı ilə bağlı artan ehtiyatlılığını göstərir. Belə ki, İtaliya ilə yanaşı, təxminən öxşar mövqe İspaniyanın davranışlarda da müşahidə olunur. Bu baxımdan, Avropa məkanında daha müstəqil və təmkinli xarici siyasətin tərəfdarı olan siyasi-ictimai əhval-ruhiyyə güclənməkdədir.
Maraqlıdır ki, bu tendensiya daha genişmiqyaslı geostrateji transformasiyanın tərkib hissəsi hesab olunur. Belə ki, Avropa ölkələrinin siyasi elitaları daxili riskləri – enerji sabitsizliyindən tutmuş irimiqyaslı müharibəyə sürüklənmək ehtimalına qədər əsas təhlükə faktorlarını getdikcə daha çox nəzərə almağa başlayıblar. Və Ağ Evin yalnız ABŞ-ın maraqlarına bağlı olan hərbi ssenarilərini əvvəlki kimi qeyd-şərtsiz dəstəkləməyə həvəs göstərmirlər.
Digər tərəfdən, Fransanın da ABŞ silahlarını daşıyan hərbi-nəqliyyat təyyarələri üçün öz hava məkanını bağlaması xüsusilə böyük əhəmiyyət daşıyır. Rəsmi Parisin bu addımı İran ətrafında mövcud eskalasiyanın başlanmasından bəri ilk belə hal kimi diqqəti çəkir. Bu, Fransanın özünü müstəqil qlobal geopolitik aktor kimi təsdiqləmək niyyətini biruzə verir. Belə ki, Fransa ənənəvi olaraq, Avropanın “strateji muxtariyyəti” ideyasının əsas tərəfdarlarından biridir. Və rəsmi Parisin son addımları da təhlükəsizlik və hərbi planlaşdırma proseslərində ABŞ-dan asılılığın azaldılması istiqamətində uzunmüddətli xəttin davamı kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, hazırda formalaşmaqda olan transatlantik parçalanmanın bir neçə fundamental səbəbi mövcuddur. Birincisi, Avropa ölkələri birbaşa qarşıdurma risklərinin artma təhlükəsi ilə üz-üzədir. Yaxın Şərqdəki hərbi eskalasiya, Şərqi Avropadakı gərginlik və qlobal sabitliyin pozulması ABŞ-ın hərbi təşəbbüslərində iştirakı daha bahalı, həm də təhlükəli məsələyə çevirir. İkincisi, Avropa məkanında xarici siyasətin suverenləşdirilməsi ilə bağlı tələblər güclənir.
Ona görə də, son illərin hərbi-siyasi böhranlarından sonra Avropa dövlətləri “qoca qitə”dən kənarda qəbul edilən qərarlardan asılılığı minimuma endirməyə çalışırlar. Nəhayət, ABŞ-ın qlobal hegemonluq statusuna yönəlik yanaşma tərzi də tədricən dəyişməyə başlayıb. Ağ Ev hərbi-siyasi liderliyini qoruyub saxlasa da, ABŞ-ın NATO müttəfiqlərini öz təşəbbüsləri ətrafında birləşdirmək imkanlarının tədricən məhdudlaşdığı açıq-aşkar nəzərə çarpır.
Təbii ki, bütün bunlar Ağ Evi müəyyən təzyiqlər altında saxlayır və ABŞ-ın manevr imkanlarının daralmasına səbəb olur. Bu baxımdan, hazırda yaranmış vəziyyət ABŞ üçün ciddi xəbərdarlıq siqnalıdır. Çünki ABŞ-ın NATO üzrə müttəfiqlərinin hərbi infrastrukturuna çıxışın məhdudlaşdırılması Ağ Evin həm Yaxın Şərqdə, həm də alyans daxilində güc nümayiş etdirmək imkanlarına birbaşa neqativ təsir göstərir.
Prezident Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatları qısa müddətdə başa çatdırmaq planları və əldə olunan nəticələrə olan inamı ABŞ-ın Avropalı tərəfdaşlarının daha ehtiyatlı mövqeyi ilə ziddiyyət təşkil edir. Ağ Ev sahibinin qiymətləndirmələri və NATO üzrə müttəfiqlərin yanaşmaları arasındakı bu böyük fərqlər transatlantik alyans daxilində strateji ziddiyyətləri daha da dərinləşdirir. Və uzunmüddətli perspektivdə bu proses kollektiv təhlükəsizlik mexanizmlərinin effektivliyini azalda və kollektiv Qərbin birliyinin tədricən zəifləməsinə gətirib, çıxara bilər.
Maraqlıdır ki, bütün bu baş verənlərdən məhz Rusiya öz siyasi-diplomatik mövqeyini gücləndirmək üçün istifadə etməyə çalışır. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin davranışlarını sərt şəkildə tənqid edərək, onları beynəlxalq hüququ pozmaqda və siyasi-diplomatik mexanizmləri görməzdən gəlməkdə ittiham edib. Kreml xüsusilə də, ABŞ-ın Yaxın Şərqdəki hərəkətlərini genişmiqyaslı hərbi eskalasiyaya səbəb ola biləcək faktor kimi qiymətləndirib. Rusiya xarici işlər nazirinin yaranmış vəziyyətin “faktiki olaraq, Üçüncü Dünya Müharibəsinin əlamətlərinə bənzədiyini” iddia etməsi Kremlin bu hərbi böhranı qlobal və sistemli təhlükə kimi göstərmək cəhdini biruzə verir.
Beləliklə, əgər, mövcud tendensiya eynilə davam edərsə, müasir dünya Avroatlantik münasibətlərin yeni modelinin formalaşması ilə üzləşə bilər. Bu modeldə Avropa ölkələrinin həm müttəfiqlik öhdəliklərini qorumağa, həm də öz maraqlarını müdafiə etməyə çalışaraq, daha böyük strateji muxtariyyətə can ata biləcəkləri qətiyyən istisna deyil. Ancaq bu prosesin həm mürəkkəb, həm də daha ziddiyyətli olacağı artıq indidən qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Avropa dövlətləri bir tərəfdən, ABŞ-dan hərbi təhlükəsizlik sahəsində asılılığın azaldılmasında maraqlıdırlar. Digər tərəfdən isə onlar xüsusilə də qlobal hərbi-siyasi gərginliyin davam etdiyi şəraitdə, hələ də ABŞ-ın təhlükəsizlik təminatlarına ehtiyac duyurlar. Bu baxımdan, bir müddət əvvələ qədər müvəqqəti proses kimi görünən transatlantik ziddiyyətlər artıq tədricən uzunmüddətli infastruktur dəyişikliyi əlamətləri də qazanmağa başlayıb. Və bu prosesin nəticələri yalnız NATO-nun gələcəyi deyil, həm də bütün qlobal təhlükəsizlik arxitekturası üçün də həlledici xarakter daşıya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()