AZ

"Universitetlər regionun problemlərini həll edən beyin mərkəzlərinə çevrilməlidir" -İlqar Orucov

"Paytaxtdakı universitetlərin regionlara köçürülməsi sadəcə məkan dəyişikliyi deyil, həm də təhsilin məzmununun yenilənməsi üçün böyük bir fürsətdir. Bu proses həm paytaxtın yükünü azaldar, həm də regionların iqtisadi canlanmasına səbəb ola bilər".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi.

Müsahibimizin sözlərinə görə, universitetlər köçürüldüyü regionun strateji üstünlüklərinə uyğunlaşmalıdır:

"Təəssüf ki, bəzi regionlarda olan universitetlərimiz paytaxt universitetləri kimi bu incə məqama diqqət yetirmirlər. Regionyönümlü ixtisaslaşmanın inkişaf etdirilməsi universitetlərin regionlara köçürülməsi zamanı mütləq şəkildə nəzərə alınmalıdır. Məsələn, aqrar potensialı yüksək olan bölgələr üçün aqrar texnologiyalar, su ehtiyatlarının idarə olunması kimi ixtisas proqramları prioritet təşkil etməlidir. Universitetləri sənaye bölgələrinə köçürüb, orada logistika, yaşıl enerji və həmçinin multi, inter və transdisiplinar yanaşmalardan irəli gələn yeni ixtisasların yaradılması, düşünürəm ki, çox faydalı ola bilər".

İlqar Orucov vurğuladı ki, bizim universitetlərin dual təhsil modeli çox aşağı səviyyədədir:

"Mənim oğlum hazırda Berlin Texniki Universitetində magistr təhsili aldığı üçün universitetin məhz dual təhsil modelinə üstünlük verməsini müşahidə etmişəm və bunun üstünlüklərini vurğulamaq istəyirəm. Tələbələr nəzəriyyəni universitetdə öyrənib, təcrübəni həmin regionda fəaliyyət göstərən müəssisələrdə — aqroparklar ola bilər, zavodlar ola bilər və yaxud texnoparklar ola bilər və s. — keçməlidirlər".

Onun fikrincə, proqramlar iş dünyası ilə birbaşa inteqrasiya olunmalıdır:

"Yəni biz tələbəyə təkcə nəzəriyyəni yox, həm də nəzəri baxımdan əldə etdikləri bilikləri gələcəkdə əmək bazarında necə reallaşdırmalı olduqlarını mütləq şəkildə öyrətməliyik. Məzun daha sonra məhz həmin müəssisələr üçün cəlbedici kadr kimi özünü təsdiq edə bilər.

Digər tərəfdən, universitetlər sadəcə dərs keçilən yer deyil, regionun problemlərini həll edən beyin mərkəzlərinə çevrilməlidir. Məsələn, region universitetləri misalında bunu görmürük. Yəni universitet təkcə dərs keçilən yer deyil, mədəni, intellektual mühiti formalaşdırır. Eyni zamanda regionun problemlərini həll edən tədqiqat mərkəzi kimi, həm də beyin mərkəzi funksiyalarını yerinə yetirməlidirlər. Köçürmə zamanı smart kampus infrastrukturunun qurulması və hibrid təhsil imkanlarının genişləndirilməsi proqramların müasir standartlara uyğunlaşmasını təmin edə bilər. Yəni rəqəmsallaşma mütləq şəkildə təmin edilməlidir. Təbii ki, bu, öz təsdiqini tapmalı və elmi, praktiki baxımdan təsdiqlənməlidir".

Aytəkin TOFİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr