Bildiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp NATO-ya İranın bağladığı Hörmüz boğazının açılmasına köməklik göstərməsini istəsə də, alyans bu çağırışı rədd edib. Bu isə Vaşinqtonla NATO arasında fikir ayrılıqlarını daha da dərinləşdirib. Bundan sonra Tramp çıxış və müsahibələrində NATO-nu sərt şəkildə tənqid edir, xüsusilə İranla müharibədə ABŞ-yə dəstək göstərməməsinə görə alyans ölkələrini hədələməkdən çəkinmir. Paralel olaraq, Avropanın aparıcı ölkələri də ehtiyatlı mövqe sərgiləyir. Belə ki, İspaniya, İtaliya və Fransa öz hava məkanlarından ABŞ və İsrail qüvvələrinin istifadə etməsinə icazə vermir. Beləliklə, Trampın gözlədiyi geniş beynəlxalq dəstək reallaşmır və proseslər onun əvvəlcədən hesabladığından fərqli istiqamətdə inkişaf edir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədovun sözlərinə görə, Tramp elə hesablamışdı ki, Amerikanın məqsədlərini müttəfiqlərin hesabına həyata keçirsin:
"Yəni Avropanı və Avropadakı müttəfiqlərini, eyni zamanda NATO-dakı müttəfiqlərini istifadə edərək Amerikanın maraqlarını regionda reallaşdırsın. Amma bu dəfə istədikləri alınmır. Zatən tarixən belə olur ki, Amerika başqa dövlətlərin əli ilə öz maraqlarını reallaşdırır. Amma bu dəfə onlar real vəziyyətdən və eyni zamanda öz maraqlarından çıxış edir və imtina edirlər ki, bu avantüraya getmək istəmirlər. Çünki həmin dövlətlər, məsələn, İspaniya və Avropadakı digər müttəfiqlər bundan sonra da belə addımlardan çəkinir. Mənə elə gəlir ki, imtina edən dövlətlərin və müttəfiqlərin sayı getdikcə daha da artır. Ona görə ki, bir tərəfdən müttəfiqlik öhdəlikləri var, digər tərəfdən isə ədalət hissi var. Məncə, həmin dövlətlər də aparılan müharibənin qeyri-bərabər və qeyri-ədalətli olduğunu, həmçinin beynəlxalq hüquq normalarının pozulduğunu açıq şəkildə görür. Buna görə də onlar daha çox vicdanlarının səsinə qulaq asır, ədalətli qərarlar qəbul edir, nəinki haqsız müharibəyə qoşulub dinc insanları qırmaq və beynəlxalq hüququn norma-prinsiplərini tapdalamaq".
Müsahibimizin sözlərinə görə, Amerikanın bu gün apardığı siyasət açıq şəkildə beynəlxalq hüququn norma-prinsiplərini həm yazılmış, həm də yazılmamış qaydaları pozur.
"Görünməmiş bir haldır ki, hansısa başqa müstəqil dövlətin rəhbərini oğurlayıb aparmaq kimi yanaşmalar gündəmə gəlir. Amerikanın regionda və ümumilikdə dünyada apardığı xarici siyasətin əsas məqsədi enerji resurslarına sahib olmaq, neft mənbələrini nəzarətə götürməkdir. Məqsəd bu resursları ələ keçirərək bütün dünya enerji bazarına nəzarət etmək və digər ölkələri özündən asılı vəziyyətə salmaqdır. İstər-istəməz bu siyasətə qarşı Amerikanın özündə də narazılıqlar artır. Artıq ölkə daxilində Trampın yürütdüyü siyasətə qarşı insanlar etiraz edir, ölkənin müxtəlif bölgələrində etiraz dalğası genişlənir. Çünki Tramp faktiki olaraq avantüraya gedir. Bu gün bir söz deyir, sabah başqa söz deyir, hətta bir neçə saat sonra tam fərqli mövqe ortaya qoyur, müxtəlif dövlətləri hədələyir. Bu cür yanaşma ilə dövlət idarə etmək və dünyada ədalət prinsiplərini qorumaq mümkün deyil. Halbuki daim ədalətli olduğunu və bir çox müharibələrə son qoyduğunu bəyan edir. Amma təəssüf ki, dedikləri ilə əməlləri üst-üstə düşmür. Əksinə, yeni müharibə ocaqları yaratmaq istiqamətində fəaliyyət göstərir", - deyə K.Məmmədov vurğuladı.
Nuriyyə NATİQQIZI