AZ

Türkiyənin bu həmləsi İsraili qorxudub Milyardlarla dollar itirilə bilər

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran müharibəsi və Hörmüz boğazı ətrafında yaranan böhran fonunda regionda iki böyük iqtisadi layihə – Türkiyənin “Kalkınma Yolu” və İsrailin IMEC təşəbbüsü arasında rəqabət güclənib. Bu vəziyyət Ankaranın son addımları səbəbilə Təl-Əvivdə “oyundankənar qalma” narahatlığını artırıb.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrailin də daxil olduğu IMEC layihəsi Hindistandan çıxan yüklərin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İordaniya üzərindən İsrailin Hayfa limanına, oradan isə Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə ilk dəfə 2023-cü ildə Hindistanda keçirilən G20 sammitində təqdim olunub və Donald Tramp tərəfindən də dəstəklənib.

Buna alternativ olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Kalkınma Yolu” layihəsi İraqın cənubundakı Əl-Fav limanını Türkiyə üzərindən Avropaya birləşdirməyi hədəfləyir. Təxminən 1200 kilometrlik bu dəhliz üçün Türkiyə, İraq, Qətər və BƏƏ arasında razılaşma əldə olunub və layihəyə 20 milyard dollar sərmayə qoyuluşu planlaşdırılır.

İsrail mediasında yer alan təhlillərə görə, Türkiyənin son dövrlərdə atdığı diplomatik və iqtisadi addımlar Təl-Əvivdə ciddi narahatlıq yaradıb. "Maariv" nəşrinin yazdığına görə, Türkiyə və Suriya İsrailin Avropaya açılan əsas tranzit mərkəzə çevrilməsinin qarşısını almaq üçün koordinasiyalı siyasət yürüdür. Mütəxəssislər bildirirlər ki, Asiya ilə Avropa arasında qurulacaq yeni quru nəqliyyat dəhlizləri Süveyş kanalı və Babul-Məndəb boğazı kimi dəniz yollarından asılılığı azalda bilər. Bu marşrutların daşınma müddətini təxminən üçdə bir qədər qısaltmaq potensialı var.

Eyni zamanda, Suriyada 2024-cü ilin dekabrında baş verən siyasi dəyişikliklər Türkiyə ilə Körfəz ölkələri arasında quru nəqliyyatının yenidən aktivləşməsinə şərait yaradıb. Bu isə regionda yeni logistika marşrutlarının formalaşmasına təkan verib. Ekspertlər xəbərdarlıq edir ki, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən yeni ticarət dəhlizi reallaşarsa, İsrailin regiondakı iqtisadi rolu zəifləyə və ölkə milyardlarla dollar itki riski ilə üzləşə bilər.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
azpolitika.info

1Mənbələr