Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hörmüz boğazı ətrafında artan gərginlik fonunda alternativ marşrutların axtarışı sürətlənib. Bakupost.az xəbər verir ki, bu istiqamətdə müxtəlif ölkələr yeni təşəbbüslərlə çıxış edirlər.
Suriya İqtisadiyyat və Sənaye Nazirliyinin məsləhətçisi Usamə əl-Qadi Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ quru yol kimi Hicaz dəmir yolunun dirçəldilməsini təklif edib. Layihəyə əsasən, şimalda Türkiyə ilə cənubda Səudiyyə Ərəbistanının Mədinə şəhəri arasında əlaqə qurulması, həmçinin Suriya ilə Səudiyyə Ərəbistanı arasında İordaniya üzərindən yüksək sürətli dəmir yolu xəttinin yaradılması nəzərdə tutulur. Bildirilir ki, bu marşrut vasitəsilə gündəlik 7 milyon barelə yaxın neft nəql etmək mümkün ola bilər.
Lakin əsas sual bu marşrutun Hörmüz boğazına real alternativ olub-ola bilməyəcəyidir.
Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bölgədə risklərin artması fonunda alternativlərin gündəmə gəlməsi gözlənilən idi:
“Bu səbəbdən Hörmüz boğazına alternativ variantların irəli sürülməsi təbiidir”.
Ekspert Suriya üzərindən təklif edilən marşrutu isə o qədər də real hesab etmir:
“Alternativ kimi neftin Suriya vasitəsilə Aralıq dənizinə çıxarılması ən azı 3-4 il vaxt tələb edəcək. Üstəlik, bu marşrut daha çox İraq nefti üçün uyğun ola bilər. Körfəz ölkələrinin isə bu qədər böyük maliyyə tələb edən layihəyə maraq göstərəcəyinə inanmıram”.
İ.Şabanın sözlərinə görə, körfəz ölkələri üçün daha real alternativ istiqamətlər mövcuddur:
“Çünki bu ölkələrin neft və qazının 70-80 faizi Asiya və Uzaq Şərq bazarlarına yönəldilir. Bu baxımdan Suriya marşrutu onlar üçün əlverişli deyil. Daha çox Qırmızı dəniz və ya Oman istiqaməti üzərindən keçən alternativlərə üstünlük verilə bilər”.
Rüfət Sultan, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.