AZ

“Futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir” MÜSAHİBƏ

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Ölkə futbolunda yenə canlanma yaranıb. Aprelin 3-də keçiriləcək AFFA-nın Hesabat Konfransı fonunda gedişata geniş nəzər yetirmək üçün Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla müsahibə etdik. Proseslərə təhlili yanaşmalar üçün zəngin təcrübəsi və səhih mövqeyi ilə Tahir müəllimin fikirləri ictimai əhəmiyyət daşıyır:

– Tahir müəllim, BFF-in aktivləşdiyi görünür. Bu haqda ətraflı məlumat verərdiniz?

– Uzun illərdən sonra, 2024-cü ilin aprel ayında AFFA-da rəhbər dəyişikliyi baş verdi. Futbolda nəhayət ki, islahatların aparılacağı ümidi yarandı. Federasiyanın ilk addımlarından biri yeni futbol strategiyasının hazırlanması oldu. Assosiasiya tərəfindən belçikalı mütəxəssislər dəvət edildi. İşlər onlara tapşırıldı. Eyni zamanda AFFA öz üzvlərinə, klublara, futbol ictimaiyyətinə müraciət edərək təkliflərin verilməsini istədi. Bir çox qurumların məsələyə biganə yanaşmasına baxmayaraq, öz tərəfimdən kompleks təkliflər paketi hazırladım, rəsmi olaraq AFFA-ya təqdim etdim. Sonrakı mərhələdə təkliflərimiz əcnəbilər tərəfindən bəyənildi, İcraiyyə Komitəsində baxıldı, belçikalılarla görüş təşkil edildi. Avropalıların prosesə şablon yanaşması, vaxtaşırı ölkəmizə səfərləri yersiz vaxt itkisinə səbəb olur, aylar itirilir, futbol ictimaiyyəti arasında narahatlıq yaradırdı. Gərgin keçən iclasda önəmli layihələrimizin qəbul edilməsinə və ümumi hərəkətliliyə nail olduq. Bir çox təkliflərimizlə bərabər, 8 regional futbol mərkəzi – akademiyaların yaradılması ideyamız yekun layihə sənədində öz əksini tapdı. Bu müddət ərzində yeni AFFA rəhbərliyi ilə mütəmadi görüşlərimiz, məsləhətləşmələrimiz olur, müəyyən təklifləri nəzərdən keçirirdik. İstəkli olduqları üçün köməyimizi əsirgəmirdik. Müzakirələrimizdən biri də rəhbərlik etdiyim Bakı Futbol Federasiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, ümumi futbol strukturuna inteqrasiyası idi. Danışıqlar bir qədər vaxt apardı. Özümlə bağlı açıqlamaq istəmədiyim bəzi təkliflərə münasibətdə təşəkkür edərək, futbol adına ümumi işlərin daha vacib olduğunu vurğuladım. İlkin mərhələdə BFF-lə bağlı layihələrin həyata keçirilməsi razılığına gəldik və yekunda rəsmi müqavilə imzaladıq. Minimum şərait və şərtlərlə böyük həcmdə işlərə start vermişik. Artıq birgə fəaliyyətimizlə “D” kateqoriyalı məşqçi kurslarının iki mərhələsini bitirmişik. İlin sonunadək daha 4 kursun keçirilməsi nəzərdə tutulub. Digər layihələrlə yanaşı, qısa müddətdə media və ictimaiyyət tərəfindən BFF-n müsbət aktivliyi hiss edilirsə, görünürsə, deməli, doğru yoldayıq.

– Bu yaxınlarda AFFA-nın baş katibi region federasiya rəhbərləri ilə görüşdü. Siz AFFA baş katibi ilə bir fotoda… Futbol ictimaiyyətinin öyrəncəli olmadığı situasiya idi. Görüş barədə və ümumiyyətlə, mövzu ətrafında geniş danışmağınızı istərdim.

– Hər zaman vurğulayıram, tənqidlər, fikirlər peşəkarlığa, dərin təhlillərə, pozitivliyə, qarşılıqlı inam və səmimiyyətə söykənməli, ideyaların həyata keçirilməsi fərdi yanaşmadan üstün tutulmalıdı. Ancaq ideoloji, strateji birliklə irəliləyişə nail olmaq olar. Futbolun inkişafı istənilirsə, öncə AFFA Nizamnaməsinə uyğun struktur bərpa edilməli, formalaşdırılmalı, hüquqi baza yaradılmalıdır. AFFA futbol federasiyalarını özündə birləşdirən assosiasiyadır. BFF də daxil olmaqla, region federasiyaları səsvermə hüququna malik qurumlardır. İllərdi AFFA öz Nizamnaməsini pozaraq de-yure səlahiyyətlərə sahib üzvlərini de-fakto kənarda qoyurdu. Federasiya daxilində bir qrup vəzifəli şəxs məqsədli şəkildə monopoliya yaratmışdı. Hüquqi baza təmin edilmədən nəinki futbol, heç bir təşkilat düzgün fəaliyyət göstərə bilməz. Futbol ictimaiyyəti AFFA strukturundan geniş məlumatlı olmasa da, bunların bilinməsi çox əhəmiyyətlidir. Qanunlar yerində olmadan, icra olunmadan, futbolumuzda dirçəlişi təmin edə biləcək işlək mexanizmin fəaliyyəti mümkünsüzdür. Belə görüşlər çoxdan baş tutmalı idi. AFFA-nın yeni rəhbər heyət üzvləri ilə bu mövzuda dəfələrlə söhbətlərim olub, qanunlara söykənərək vəziyyətdən çıxış yolları müzakirə edilib. Qeyd olunan görüşün mahiyyəti şəxsi müstəvidən irəli gəlmir. Cahangir Fərəcculayevin baş katib vəzifəsinə təyinatı və AFFA rəhbərliyinin dəstəyi ilə tədricən struktura uyğun addımların atılması sürətlənib. Strukturun bərpası heç də asan başa gəlmir. İllərdi Azərbaycan futbolu elə bir labirintə salınıb ki, qanunların aliliyinin bərqərar olması təəssüf ki, süni maneələrlə üzləşir, futbolda kök salanlara sərf etmir. Bu da özlüyündə vaxt aparır, ümumi işlərin irəliləməsini ləngidir. İstəyimiz odur ki, proses daha sürətlə davam etsin. AFFA öz üzvləri ilə birgə vahid orqanizm kimi çalışmalı, fəaliyyət göstərməlidir. Təbii ki, bunun üçün maddi-texniki bazanın yaradılması mütləqdir!

Görüşə gəldikdə, toplantı çox konstruktiv keçdi, infrastruktur, uşaq-gənclər futbolu, tədris, innovativ addımlar, media, ictimaiyyətlə əlaqələr və digər önəmli məsələlər müzakirə edildi. Region federasiyaları rəsmiləri, AFFA rəhbərliyinin çağırışına səs verməli, aktiv, təşəbbüskar olmalı, öz məsuliyyətlərini dərk etməli, qarşılıqlı işbirliyi qurulmalıdır. Futbol kuluarlarında islahatların aparılmasını istəməyənlər yetərincədir. Önəmli olan AFFA-ya yeni gələnlərin bunu başa düşməsidir. Azərbaycan futbolu bilərəkdən dolaşığa salınmış “hörümçək torundan” xilas olunmalıdır!

– Qarşıdan AFFA-nın Hesabat Konfransı gəlir. Ötənilki tədbirdə yeni baş katib iddialı danışmışdı. Vəd olunmuş işlərin icrası sizcə nə yerdədir?

– Ölkə futbolundakı vəziyyət kənardan göründüyü qədər sadə deyil, çox cərəyanlar mövcuddur. Bir çox tərəflərin futbolun ümumi inkişafından fərqli, öz maraqları var. Təzə gələnlər üçün futbolda baş verənlərin analizi, araşdırılması vaxt aparır, bu da işlərin daha sürətlə getməsinin qarşısını alır. İlk vaxtlar futbol təsərrüfatının daha asan idarə olunacağı zənn edilirdisə, hazırda vəziyyət müsbətə doğru dəyişməkdədir. Bununla yanaşı, futbol şəbəkələrinin planları baş tutmadıqca, aparılan prosesə qarşı təzyiqlər çoxalır. Futbol təsərrüfatında olanların bəzilərinə dəyişikliklər, yeniliklər sərf etmir. Onsuz da ləngiyən islahatların qarşısının alınması üçün “planlar” qurulur. Ətrafdan görünməsə də, daxildə gərginlik açıq sezilir. İctimaiyyət arasında müzakirələrin təhlil səviyyəsi artırılmalı, futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir. Bu işlərdə mətbuatın, sosial medianın rolu əvəzolunmazdır. Hər zaman xüsusi qeyd etdiyim kimi, mətbuat peşəkar futbolla azarkeşlər, cəmiyyət arasında böyük körpüdür. Bu bağlayıcı qüvvə nə qədər möhkəm olarsa, hər iki tərəf bir-birinə sıx bağlı olar, futbolun inkişaf sütunları dağıdıcı qüvvələrin qarşısını alar. Bunlarla paralel, futbola cavabdehlərin peşəkarlığa söykənərək, qətiyyəti, niyyəti, inamı çox vacibdir. Futbol komanda idman növüdür, AFFA öz üzv qurumları ilə birgə peşəkar idarəçi komanda kimi fəaliyyət göstərməlidir. Futbolda psixoloji narahatlıq, gözləmə mövqeyi, bəzilərinin strukturlarda “krot”luq fəaliyyəti davam edir. Nə qədər çətin görünsə də, dəqiq diaqnozlarla islahatlar sürətlə davam etdirilməlidir. Xüsusi vurğulayım, bu, tək adamın işi deyil, yuxarıda qeyd etdiyim kimi, vahid və futbolun gələcəyini təmin edəcək komanda formalaşmalıdır. Konfrans və sonrakı həftələr, aylar yeni qətiyyətli addımların, islahatların nə yerdə olduğunu göstərəcək. Azərbaycan futbolu adına çox illər itirilib, vaxt, zaman gözləmir…

– Sizin geniş spektrli təhlillərdən yana olduğunuzu bilirik. İndiki AFFA rəhbərliyinin yaxın və uzunvədəli planda gözləntiləri, qarşılaya biləcək planları, stratejisi varmı?

– İstək var, bu, birmənalıdır. Azərbaycan futbolunun müasir tələblərə cavab verən infrastruktur problemləri ilə yanaşı, ümumi idarəçilikdən daha çox, peşəkar futbol idarəçiliyi problemi özünü daha qabarıq hiss etdirir. Bu sarıdan təcrübəsizlik özünü büruzə verir və vaxt itkisinə səbəb olur. Futbolda bir mövsüm strateji olaraq 3-5 ilə bərabərdir. Uzunvədəli planlara gəldikdə, Futbolun İnkişaf Strategiyası qəbul edilib. Böyük vəsait və həcm tələb edən işdir. Dəfələrlə bildirmişəm, qəbul olunan strategiyanın həyata keçirilməsi üçün 8-10 il vaxt lazımdır, o da maliyyənin və işlərin düzgün olacağı, aparılacağı halda. Strategiyanın ən böyük strateji yanlışlığı 2025-28-ci illərin qeyd edilməsi oldu. Burada ilk növbədə belçikalıların məsuliyyətsizliyini qeyd etməliyəm, layihənin 3-4 ilə həyata keçirilə biləcəyi mümkünsüzlüyünü AFFA İcraiyyə Komitəsinə rəsmən bildirməli idilər. Artıq 1 il geridə qalıb… Proqramın həyata keçirilməsi çox böyük vəsait tələb edir. Maliyyə ayrılana kimi, mövcud imkanlardan səmərəli istifadə olunması şərtdir. Dövlət AFFA xətti ilə hər il futbola kifayət qədər dotasiya ayırır və maliyyə qonşu Qafqaz ölkələrinin futbola yatırımından daha çoxdur. Bu vəsaitin xərclənmə mexanizminə yenidən baxılmalıdır. Klublara ödənilən maliyyənin böyük hissəsi legionerlərə ödənilir. Digər tərəfdən, strateji planların həyata keçirilməsi məsələləri bəzi hallarda AFFA-nı aşır. Bura həqiqi hərbi xidmət, infrastruktur üçün torpaq sahələrinin ayrılması və s. məsələlər daxildir. Bütün bunlar dövlət səviyyəsində və müvafiq qurumlarla əlaqəli həll olunmalıdır. AFFA təkbaşına strateji inkişaf planını istəsə də belə, tam həcmdə həyata keçirə bilməz. Önəmli olan doğru yolun tutulması və tədricən bunların həyata keçirilməsidir. İnkişaf Strategiyası qəbul edilib, istək göstərilib, 2-3 olmasın, lap 5-6 il olsun, təki həyata keçirilsin, kağız üzərində qalmasın. 2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatına hazırlıq bu işlərə böyük təkan verə bilər.

– Sizin layihə rəhbəri olduğunuz “Sabahın ulduzları” yarışının keçirilməsi gözlənilir. İşlər nə yerdədir?

– “Sabahın ulduzları” böyük, əhatəli layihədir. Hazırlıq mərhələsi davam edir. Uşaq, yeniyetmə futbolu olmasına baxmayaraq, yeni, daha peşəkar tələblərə cavab verən əsasnamə hazırlandı, AFFA ilə birgə təsdiq olundu. Xüsusi dizaynda medallarımız, mükafatlarımız hazırdı artıq. Paytaxtda futbol infrastrukturu probleminin olması heç kimə sirr deyil. Bunu nəzərə alaraq oyunlar mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək. AFFA daxili resursları hesabına aprel ayından Bayıl stadionunda əsaslı təmir işlərinə start verəcək. İnzibati bina, mövsüm bitən kimi isə, ot örtüyü, projektorlar dəyişdiriləcək, digər zəruri işlər görüləcək. Bakı zonasında futbol mərkəzi-akademiyasının inşasına kimi, arena əsaslı təmirdən sonra uşaq-gənclər futbolu və tədris mərkəzinə çevrilməlidir. Yenidənqurmadan dərhal sonra, daha yaxşı şəraitdə “Sabahın ulduzları” yarışları start götürəcək. Sponsor, tərəfdaşlarla danışıqlarımız davam edir. “CBC Sport” kanalında canlı yayımın təşkili, həftəlik xüsusi verilişin olması razılığı əldə olunub. Digər tərəfdən YouTube versiyası üzərindən 100-dən çox oyunun canlı göstərilməsi üçün işlərimiz davam edir. Uşaq futbolunda heç vaxt belə yanaşma olmayıb. Yarışlara ancaq əsasnamə tələblərinə cavab verən klub, komandalar buraxılacaq. Kəmiyyət yox, keyfiyyət ön planda olacaq. İstedadlı futbolçuların üzə çıxması, yetişməsi ilə yanaşı məşqçilərin, hakimlərin, gənc klub menecerlərinin inkişafı təmin ediləcək, praktiki və nəzəri seminarlar keçiriləcək. “Sabahın ulduzları” layihəsi uşaq-gənclər futboluna münasibəti dəyişəcək. İnanıram ki, bu nəcib işlərdə media, jurnalistlər, ümumilikdə futbol ictimaiyyəti öz dəstəyini əsirgəməyəcək.

– Klublar tərəfindən “Sabahın ulduzları” layihəsinə maraq hansı səviyyədədir?

– Bu yarış özünü illərdi doğrultmuş layihədir. AFFA ilə bərabər aparıcı klublarla danışılıb və məşqçi, futbolçular səbirsizliklə “Sabahın ulduzları”nın startını gözləyirlər.

– Uşaq futbolundan söz düşmüşkən, bu sahəni bilməyinizlə bərabər BFF əməkdaşları manitorinqlər aparır. Uşaq futbolunda vəziyyət nə yerdədir?

– Assosiasiya ilə razılıq əsasında manitorinqlər keçirilir və mövsümün sonunda kompleks halda detallı təqdimat hazırlanacaq. Övladınız da U-13 “Neftçi”nin futbolçusudur, hər həftə oyunları izləyirsiniz. İstedadlarımız yetərincədir. Problem uşaq-gənclər futboluna olan münasibətdir. “Uşaq futbolu yoxdur” deməklə futbolçu yetişməz! Əməli işlər görülməli, ortaya keyfiyyətli məhsul qoyulmalıdır. AFFA tərəfindən klublara hər il bu sahə üzrə 500 min manat (12 klub – 6 milyon) təmənnasız vəsait ödənilir. Əlavə olaraq yarışların keçirilməsinə 1-2 milyon pul xərclənir. Toplam 7-8 milyon vəsait sərf olunur. Azərbaycan şərtləri üçün az məbləğ deyil. “Neftçi”, “Sabah” kimi klublar uşaq futboluna yatırım edir, “Ulduz”, digər özəl klublar az vəsait xərcləmir. Hər mövsüm bu rəqəm ümumilikdə 10-15 milyon edir. Bunun qarşılığında keyfiyyətli futbolçu qıtlığının olması ölkə futbolunun faciəsidir. Deməli, işlər düzgün qurulmayıb. Tək infrastruktur çatışmazlığı problemi deyil, işə yanaşma, təşkilatı səviyyə, məşqçi kvalifikasiyası, hakimlik və digər məqamlar kompleks yanaşma ilə həll edilməlidir. Bölgələrimizdə vəziyyət daha acınacaqlıdır. Bu sahədə köklü islahatlar aparılmalıdır.

– Aşağı yaş qrupları yığmaların çıxışında bu, özünü açıq göstərir. Neçə il lazımdır ki, vəziyyət düzəlsin?

– İllərə bölmək istəməzdim. İşə düzgün, peşəkar yanaşma ilə keyfiyyət prosesini sürətləndirmək mümkündür.

– “FİFA series-2026” oyunlarında millinin çıxışını necə qiymətləndirirsiniz?

– Azərbaycan futbolu elə vəziyyətdədir ki, hər bir xırda qığılcım da pozitivliyə söykənməlidir. Əvvəlki illərə baxanda, millidə məğlub psixologiya, bəhanələr aşılanmır artıq. İstək, məsuliyyət, qələbə ruhu formalaşır. Məşqçi, futbolçular da bunun fərqindədilər. Ölkə futbolunun durumu bəllidir. İmkanlar daxilində minimumdan maksimumun əldə edilməsinə çalışılmalıdır. Millinin toplanışı qarşıdakı aylar üçün faydalı olacaq. Ayxan Abbasov turnirdə nəticə dalınca qaçmadı, demək olar, bütün futbolçuları müxtəlif oyun quruluşunda sınadı. Hətta final görüşündə rəqib nəticəni düşünüb optimal heyəti dəyişmirdisə, Azərbaycan yoxlama oyunu düşüncəsi ilə kifayət qədər əvəzetmələr etdi. Önəmli olan baş məşqçinin müsbətləri, boşluqları görməsi və qarşıdakı toplanışlarda bunların inkişaf etdirilməsi, aradan qaldırılmasıdır. İstənilən qələbə psixoloji olaraq futbolçularda özünəinamı artırır. Əsas, eyforiyaya qapılmadan potensialın artırılması, rəqabətin yaradılması, rəsmi oyunlar üçün optimal heyətin formalaşdırılmasıdır.

– Premyer Liqada klublar tərəfindən hakimlərdən narazılıq sanki çoxalıb. Beynəlxalq dərəcəli hakim kimi münasibətiniz maraqlıdır, bu, bəzi klubların özünü sığortasıdır, yoxsa həqiqətən hakim idarəçiliyində problemlər var?

– Premyer Liqada son dövrədir, çempionat sona yaxınlaşır. Hazırda elə durumdur ki, komandalar hər xal uğrunda amansız mübarizə aparırlar. Turnir cədvəlində olan vəziyyət asan oyunların olmadığını göstərir. Bu, çempionluq, avrokubok zonası uğrunda rəqabətlə bərabər, autsayderlər qrupuna da aiddir. Hakimlərdən maksimum konsentrasiya, psixoloji hazırlıq tələb olunur. Demək olar, hər il qaydalarda dəyişiklər edilir, yeni tövsiyyələr verilir. Nəinki futbolçular, bir çox hakimlər yenilikləri qavramağa, meydanda tətbiq etməyə çətinlik çəkirlər. Bu da məşqçilərin, azarkeşlərin narazılığına səbəb olur. Sürətlə dəyişdirilən “Oyun qaydaları” publikada çaşqınlıq yaradır, sabitlik pozulur. Klubların əsas etirazı referi-VAR sinxronluğunun olmamasına, eyni, oxşar epizodlarda hakimlərin fərqli yanaşmalarınadır. Referilərin mübahisə doğuran epizodlarda birmənalı baxışı təmin edilməlidir. Finişə 8 tur qalıb, hakim qərarları geniş müzakirələrə səbəb olacaq. AFFA hakimlər üçün istənilən şəraiti yaradıb. Bunun qarşılığı meydanda yüksək səviyyədə verilməlidir.

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
futbolpress.az

1Mənbələr