AZ

Rusiyadan Ukraynaya Donbas üçün 2 ay vaxt: Zelenski nə edəcək?

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya Donbasdan çıxmaq üçün onlara 2 ay vaxt verib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Rusiyanın Donbasa daxil olması və ya Ukraynanın Donbasdan çıxması sülh danışıqlarının əsas şərtidir:

"Əsas şərt deyəndə burada bir məqamı nəzərdə saxlamaq lazımdır ki, istənilən şərtlər güc vasitəsilə qarşı tərəfə sırınır, onları artıq güc vasitəsilə məcbur edirlər ki, bu və ya digər şərti qəbul etsinlər. Neçə vaxtdır Ukrayna, rəsmi Kiyev dirəniş göstərir, bildirir ki, oradan çıxmayacaq. Rusiyanın tələbi isə ondan ibarətdir ki, əgər özləri çıxmasalar, hərbi güclə onların qoşunlarını oradan çıxaracaqlar. Donbas tam azad olunana qədər heç bir sülh danışıqları aparılmayacaq. Bu prosesdə Donald Tramp daha çox Rusiyanın tərəfində dayanır və göstərir ki, o, Rusiyanın bu tələbini dəstəkləyir. Qərbi Avropa ölkələri isə əksinə, Kiyevi dəstəkləyir və çalışırlar ki, müxtəlif yollarla dəstək tapsınlar, yəni silah-sursat və maliyyə vəsaitləri baxımından kömək göstərsinlər. Görünür ki, artıq Avropa İttifaqı çərçivəsində də bu Ukrayna böhranı parçalanmaları qaçılmaz edir. Düzdür, Viktor Orban Macarıstanın baş naziri kimi seçki kampaniyasına qatılıb və vəziyyəti bir qədər gərgindir. O, Avropa İttifaqı səviyyəsində Ukraynaya tranşların ayrılmasına veto qoysa da, buna baxmayaraq Ursula fon der Lyayen və digər siyasətçilər həmin veto hüququnu müəyyən mənada müvəqqəti dayandıraraq Kiyevə dəstəyin verilməsinə nail olurlar".

Müsahibimiz qeyd etdi ki, hazırda bir çox məsələlərin həlli Macarıstandakı seçkilərin nəticəsindən asılıdır.

"Çünki Macarıstan və Slovakiya ilk növbədə Ukraynaya dəstəyin məhdudlaşdırılması və dayandırılmasının tərəfdarıdır. Ümumi vəziyyət gərgindir və görünür ki, dünyadakı böhran getdikcə genişlənir. Buna görə də Rusiya hesab edir ki, xüsusilə ABŞ Ukraynaya yardım göstərməkdən yayınır. Bəli, müəyyən şərtlər irəli sürülür və bildirilir ki, Donald Tramp dəstək verə bilər, lakin bu yardım pulsuz olmayacaq. Silah-sursat verilə bilər, amma satış yolu ilə, yəni bağışlanmadan. Digər tərəfdən, Avropa ölkələrinin, xüsusilə Fransa, Almaniya və Britaniyanın imkanları kifayət qədər geniş deyil ki, ABŞ-dən asılılığı azaltsınlar və prosesi təkbaşına idarə etsinlər. Belə görünür ki, əvvəl-axır Volodimir Zelenski geri çəkilməli olacaq. Çünki birincisi, ölkə daxilində onun mövqeyi zəifləyir, reytinqi aşağı düşür. Digər tərəfdən, Ali Rada çərçivəsində də Zelenskiyə müxalif olan deputatların sayı artır. Bir çoxları açıq şəkildə bildirir ki, Zelenski olduğu müddətdə Moskva ilə danışıqlar aparmaq mümkün deyil. Zelenskinin mövqeyi isə ondan ibarətdir ki, müharibəni uzatsın və bu yolla siyasi mövqeyini qoruyub saxlasın, hakimiyyətdə qalsın. Lakin bu yanaşma getdikcə onun özünü bir növ antiqəhrəmana çevirir.

Siyasi partiyalar artıq anlayırlar ki, bu yol çıxış yolu deyil. Çünki Ukrayna davamlı olaraq itkilər verir: həm canlı qüvvə azalır, həm də maliyyə resursları tükənir. Ukraynanın borcları artır, kredit yükü ağırlaşır. Bu isə gələcək nəsillər üçün ciddi problemlər yaradır. Ölkənin yenidən qurulması da əlavə çətinliklər doğurur, çünki şəhərlər dağıdılıb, infrastruktur məhv edilib. Buna görə də vəziyyət son dərəcə gərgindir. Belə qənaətə gəlmək olar ki, sonda məsuliyyət məhz Zelenskinin üzərinə düşəcək və proses çox uzun çəkməyəcək. Ehtimal etmək olar ki, yayın sonuna qədər bu məsələ müəyyən həllini tapacaq və rəsmi Kiyev Donbasdan çəkilmək məcburiyyətində qalacaq", - deyə T.Abbasov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
50
redaktor.az

10Mənbələr