ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Hər bir demokratik cəmiyyətinin əsas prinsiplərindən biri orada güclü-məhkəmə hüquq sisteminin qurulmasıdır.
Məhkəmə hüquq sistemini güclü edən əsas şərtlərdən biri isə müstəqil, cəsarətli vəkillərin sayının çox olmasıdır.
Təəssüflər olsun ki, Azərbaycanda bu cür vəkillərin sayı getdikcə azalır. Təzyiq, cəza, kollegiyadan kənarlaşdırma ənənələrini indi həbs əvəz edir. Bunu Zabil Qəhrəmanovun timsalında gördük.
Mətləbdən uzaqlaşmayım.
Bugün həbs həyatımın mənə qazandırdığı dostum, adını qürurla çəkdiyim vəkil Elçin Sadıqovun doğum günüdür.
Eldar Mahmudovun “kəsdiyi başa soğru” olmadığı bir zamanda Elçinin 32 yaşı vardı. O, MTN-nin təhdidlərinə, təzyiqlərinə, bir sözlə hər cür maneələrinə baxmayaraq mənim həbsimin ertəsi günü müdafiəmə qoşuldu.
Barəmdə həbsqətimkan tədbiri seçmək üçün Səbail Məhkəməsinə gətiriləndə Elçini gördüm.
Elçin kimi peşəkar vəkilin müdafiəmə qoşulması məni güclü etdi.
Tale elə gətirdi ki, Azərbaycanın ən ləyaqətli vəkillərindən olan Bəhruz Bayramov, Yalçın İmanov, Fariz Namazlının müdafiəmə qoşulması onları mənə qardaşa çevirdi.
Etiraf edək ki, sərt siyasi sistemlərdə vəkillik təkcə hüquqi peşə sayılmır. Belə bir şəraitdə vacib olan vəkilin güclü iradəyə sahib olması, öz prinsiplərinə sadiq qalmasıdır.
Elçin bunları bacarıb. Uzun illərdir ki, haqsız yerə həbs olunan ictimai-siyasi fəalların, jurnalistlərin müdafiəsindədir.
Milli hüquqla yanaşı Avropa Məhkəməsinin presedent hüququnu da çox gözəl mənimsəyib.
Məhz bunun nəticəsidir ki, Elçin Sadıqovun Avropa İnsan Hüquqları Məhkəməsində udduğu işlərin sayı çoxdur.
Təhdidlərlə üzləşib, kollegiyadan uzaqlaşdırılmaq üçün dəfələrlə cəhdlər edilib.
Hətta həbsə də atılıb. Amma prinsiplərindən vaz keçməyib.
Onda müşahidə etdiyim bir üstünlüyü deyim:
Bir işi götürür, amma bəlli deyil ki, bu işi yuxarı instansiya məhkəmələrində, yaxud da Avropa Məhkəməsində özü davam etdirəcək.
Buna baxmayaraq elə ilk instansiyada gələcək apellyasiya və beynəlxalq instansiyalar üçün baza yaratmış olur.
Bu onun peşəkarlığını təsdiqləmək üçün sadəcə bir nümunədir.
Heç kəsi yarı yolda qoymaq kimi xüsusiyyəti də yoxdur. Ona pislik edənlərə belə kin saxlamır.
ABŞ Dövlət Departamentində, Almaniya, Britaniya kimi qüdrətli ölkələrin xarici işlər nazirliklərində, dünyanın nüfuzlu beynəlxalq insan haqları təşkilatlarında Elçin Sadıqovun adı hörmətlə çəkilir.
Amma bugün Elçinə Bakının ucqar bir yerində olan ofisinin balkonuna örtük vurmağa qadağa qoyublar.
Yaxşı bilir ki, “poykovoy” vəkillərdən olsa, indi Bakıdakı bahalı plazalarda ofisi vardı.
Amma onun üçün ləyaqətli vəkil adı hər şeydən üstündür.
Mən biliyi və cəsarəti birlikdə olan 45 yaşlı dostuma bu adı əbədi daşımağı arzu edirəm.
Pərviz Həşimli
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.