AZ

Keyfiyyətli təhsil, beynəlxalq reytinq və strateji uğur

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bənövşə MƏMMƏDOVA

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor

 

Müasir ali təhsil sistemində universitetlərin uğuru artıq yalnız lokal mühitlə məhdudlaşmır; bu uğur qlobal akademik məkan daxilində qiymətləndirilir. Bu baxımdan QS World University Rankings kimi nüfuzlu reytinqlər universitetlərin elmi potensialını, tədris keyfiyyətini və beynəlxalq nüfuzunu obyektiv şəkildə əks etdirən əsas göstəricilərdən biridir. Azərbaycan Dillər Universitetinin 2026-cı il üzrə əldə etdiyi nəticələr isə bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin uğurlu nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Bu gün qürurla qeyd edə bilərik ki, universitetimiz “Müasir dillər” istiqaməti üzrə 151-200 aralığında mövqe qazanıb, “Linqvistika” sahəsində isə 251-300 intervalında yer alaraq ilk dəfə bu istiqamətdə beynəlxalq reytinqə daxil olub. Xüsusi məqam ondan ibarətdir ki, 2023-cü ildə 301-340 aralığında olan mövqeyimiz qısa müddət ərzində ardıcıl şəkildə yüksələrək indiki nəticəyə çatıb. Bu dinamika strateji planlaşdırmanın, akademik keyfiyyətin və kollektiv əməyin məntiqi nəticəsidir.

Tərcümə təhsili: qlobal kommunikasiya üçün əsas platforma

Tərcümə fakültəsinin dekanı olaraq xüsusi vurğulamaq istərdim ki, bu uğurun əsas sütunlarından biri müasir dillərin tədrisi ilə tərcümə hazırlığının vəhdətidir. Tərcümə təhsili yalnız dil biliklərinin ötürülməsi deyil, eyni zamanda fərqli mədəniyyətlər arasında körpü qurmaq bacarığının formalaşdırılmasıdır.

Fakültəmizdə tələbələr fransız, ispan, alman və ərəb, italyan , koreya ,çin və digər aparıcı dünya dilləri üzrə yalnız nəzəri biliklər deyil, real kommunikasiya və peşəkar tərcümə bacarıqları əldə edirlər. İctimai-siyasi, hüquqi, texniki və bədii mətnlərin tərcüməsi üzərində aparılan sistemli iş tələbələrdə analitik düşüncə, praqmatik yanaşma və terminoloji dəqiqlik kimi mühüm kompetensiyaları inkişaf etdirir.

Tədris olunan dillərin reytinqə təsiri

Beynəlxalq reytinqlərdə əldə olunan nəticələrdə tədris olunan dillərin seçimi və keyfiyyəti xüsusi rol oynayır. Fakültəmizdə tədris olunan dillərin qlobal əhəmiyyəti universitetin beynəlxalq mövqeyinə birbaşa təsir edir.

Məsələn, ingilis və fransız dilləri beynəlxalq təşkilatlar və diplomatiya dili kimi, ispan dili geniş coğrafi yayılma baxımından, alman dili isə Avropa elmi mühitində mühüm yer tutur. Bu dillər üzrə hazırlanan mütəxəssislər beynəlxalq əmək bazarında yüksək tələbat görürlər. Nəticə etibarilə məzunlarımızın uğurları universitetin akademik reputasiyasını gücləndirir və bu da QS World University Rankings kimi reytinqlərdə öz əksini tapır.

Elmi fəaliyyət və innovativ yanaşmalar

Reytinqlərdə yüksəliş yalnız tədrislə məhdudlaşmır. Fakültəmizin müəllimləri mütəmadi olaraq beynəlxalq konfranslarda iştirak edir, müasir dilçilik, diskurs analizi və tərcümə problemləri üzrə elmi tədqiqatlar aparırlar. Bu fəaliyyət universitetin akademik nüfuzunu artırmaqla yanaşı, beynəlxalq elmi şəbəkələrdə mövqeyimizi möhkəmləndirir.

Bununla yanaşı, tədris prosesində müasir texnologiyaların – kompüter dəstəkli tərcümə proqramlarının, korpus linqvistikasının və maşın tərcüməsi alətlərinin tətbiqi tələbələrin peşəkar hazırlığını yeni səviyyəyə qaldırır. Bu isə müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinə imkan yaradır.

Beynəlxalq reytinqlərin strateji əhəmiyyəti

Beynəlxalq reytinqlərdə əldə olunan mövqelər yalnız statistik nəticə deyil, həm də universitetin inkişaf istiqamətlərini müəyyən edən strateji göstəricidir. Bu reytinqlər beynəlxalq əməkdaşlıqlar genişlənir, xarici tələbə və müəllim axını güclənir, təhsil keyfiyyətinin davamlı inkişafı təmin olunur. Bu baxımdan əldə etdiyimiz nəticələr bizim üçün həm nailiyyət, həm də daha böyük hədəflərə doğru motivasiya mənbəyidir.

Azərbaycan Dillər Universitetinin beynəlxalq reytinqlərdə qazandığı uğur göstərir ki, müasir dillərin keyfiyyətli tədrisi və tərcümə hazırlığının düzgün təşkili universitetin qlobal mövqeyinin möhkəmlənməsində həlledici rol oynayır.

Tərcümə fakültəsi olaraq bizim əsas məqsədimiz yalnız yüksək ixtisaslı mütəxəssislər hazırlamaq deyil, eyni zamanda Azərbaycanı beynəlxalq akademik və mədəni platformalarda layiqincə təmsil edən intellektual potensial formalaşdırmaqdır. Əminik ki, bu istiqamətdə atılan addımlar gələcəkdə daha böyük uğurların əsasını təşkil edəcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
525.az

1Mənbələr