Bakı, 1 aprel, AZƏRTAC
Rusiya və Azərbaycanda əsas enerji ənənəvi mənbələrdən istehsal olunsa da, ölkələr külək enerjisi və enerji saxlama texnologiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin birgə inkişafı üçün potensiala malikdir.
Bu fikirləri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında rusiyalı ekspert, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı şərhçisi İqor Yuşkov bildirib.
O qeyd edib ki, Rusiya, xüsusilə də “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyasının layihələri vasitəsilə bərpaolunan enerji üçün avadanlıq istehsalını fəal şəkildə inkişaf etdirir və bu, Azərbaycanla həm texnologiyalar sahəsində, həm də yeni bazarlara çıxış istiqamətində əməkdaşlıq üçün imkanlar yaradır. Onun sözlərinə görə, karbohidrogenlər hər iki ölkə üçün rəqabət üstünlüyü olaraq qalır, bərpaolunan enerji isə əlavə mənbə kimi istifadə olunaraq texnoloji modernləşməni və enerji sektorunun diversifikasiyasını stimullaşdıra bilər.
Ekspert əlavə edib ki, yaşıl enerji sahəsində birgə təşəbbüslər regionda yeni iş yerlərinin yaradılmasına və yüksək texnologiyalı sahələrin inkişafına kömək edə bilər. Bundan əlavə, o vurğulayıb ki, bu, hər iki ölkənin dayanıqlı inkişaf və texnoloji innovasiyaların iştirakçıları kimi beynəlxalq imicini möhkəmləndirir.
Müəllif – Tamilla Məmmədova