AZ

Ornitoloq: Quşlar planetin sağlamlığının “canlı göstəriciləridir”

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bu gün Beynəlxalq Quşlar Günü qeyd edilir

Bakı, 1 aprel, AZƏRTAC

Beynəlxalq Quşlar Günü hər il aprelin 1-də qeyd olunur. Bu ekoloji bayramın məqsədi quşların ekosistemimizdəki əhəmiyyətinə və onları qorumağın vacibliyinə diqqət çəkməkdir. Bu tarix xüsusilə əhəmiyyətlidir, çünki bir çox köçəri quşların qışdan sonra yuva qurduqları yerə qayıtdığı vaxta təsadüf edir. Bu bayramın tarixi 1902-ci ildə Quşların Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın imzalanmasından sonra, XIX əsrin sonlarına gedib çıxır.

Quşlar təbiətdə həyati mühüm rol oynayır, çünki onlar həşərat və gəmiricilərlə qidalanaraq zərərvericilərlə mübarizə aparır, tozlanma prosesində iştirak edir, eləcə də ətraf mühitin vəziyyətinin göstəricisi kimi xidmət edirlər.

Bu gün bir çox quş növü yaşayış yerlərinin itirilməsi, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi səbəbindən təhlükə altındadır. Beynəlxalq Quşlar Günü insanları təbii yaşayış yerlərini qorumağa və lələkli dostlarımızın gözəlliyini və oxumağını qiymətləndirməyə çağırır.

AZƏRTAC ornitoloq, müstəqil tədqiqatçı Zülfü Fərəclinin bu əlamətdar günlə bağlı fikirlərini təqdim edir. Onun sözlərinə görə, bu gün qeyd olunan Beynəlxalq Quşlar Günü təbiətin ən həssas və eyni zamanda ən vacib indikator qruplarından biri olan quşlara diqqət çəkmək üçün önəmli fürsətdir. “Ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb və hər il yeni növ və yarımnövlərin müşahidəsi göstərir ki, hələ də ornitofaunamız tam öyrənilməyib. Məsələn, bir neçə həftə öncə ölkəmiz üçün ağ çaydaçapanın yeni yarımnövünü qeydə aldıq. Geniş yayılmış növ olsa da, onun hansı populyasiyalarının ölkəmizdən köç etdiyi və hara getdiyi hələ də tam məlum deyil”.“Quşlar ekosistemlərin sağlamlığını göstərən “canlı göstəricilər” kimi çıxış edir. Onların populyasiya dinamikasındakı dəyişikliklər çox vaxt iqlim dəyişiklikləri, yaşayış mühitinin itirilməsi və antropogen təsirlərin erkən siqnalları olur. Azərbaycanda da son illər bəzi növlərin sayında azalma müşahidə olunur ki, bu da əsasən intensiv kənd təsərrüfatı, su-bataqlıq ərazilərin deqradasiyası və qeyri-qanuni ovçuluqla bağlıdır”, - deyə mütəxəssis bildirir.

Ornitoloq qeyd edir ki, ötən aylarda Xəzər sahili bölgələrimizdə minlərlə iri batağanın (köhnə adıyla maygülü) cəsədinin tapılması ciddi narahatlıq doğurdu. “Oxşar hallar Türkiyə, Gürcüstan və Bolqarıstanın Qara dəniz sahillərində də qeydə alınıb. Bu isə region miqyasında ya xəstəlik yayılması, ya da ekoloji çirklənmə ehtimalını göstərir. Təəssüf ki, hələ də bunun səbəbləri, o cümlədən quş qripi riski olub-olmaması ilə bağlı aydın nəticə yoxdur. Bu cür hadisələr vaxtında araşdırılmalı və qabaqlayıcı tədbirlər görülməlidir”, - deyə müstəqil tədqiqatçı bildirib.

Onun fikrincə, sevindirici haldır ki, biomüxtəlifliyin, o cümlədən quşların qorunması istiqamətində müəyyən addımlar atılır, xüsusi mühafizə olunan təbiət ərazilərinin sayı artırılır: “Amma unutmayaq ki, təbiətin qorunması yalnız dövlətin və ya hansısa təşkilatın deyil, bütün cəmiyyətin məsuliyyətidir. Çünki quşların ekosistemdə oynadığı rol olmadan – tozlanma, zərərvericilərə nəzarət, leşlərin təmizlənməsi kimi – həm ekoloji, həm də iqtisadi problemlərlə üzləşə bilərik”.

Z.Fərəcli vurğulayıb ki, son günlər yağıntıların çoxluğu bu il ağcaqanadların sayının artacağını göstərir. “Onların sayına nəzarətdə isə həşəratyeyən quşların, xüsusilə şəhər səmasında tez-tez gördüyümüz uzunqanadların rolu böyükdür və onların qorunması vacibdir. Biz də öz növbəmizdə ornitoloqlar olaraq çalışırıq ki, insanları maarifləndirək, quşların qorunmasının əhəmiyyətini izah edək və bu istiqamətdə turlar təşkil edək. Çünki bəzən çox sadə görünən davranışlar belə böyük təsirə malikdir. Məsələn, hələ də bir çox insan quşlara çörək verməyin zərərli olduğunu bilmir. Halbuki hər bir kiçik addımımız təbiət üçün böyük nəticələr yarada bilər”, - deyə o, sözünü yekunlaşdırıb.

Quşların qorunması təkcə alimlərin vəzifəsi deyil, həm də hər birimizin məsuliyyətidir. Təbiətə qayğı və düzgün olmayan qidalanmadan imtinadan tutmuş yuva qurma yerlərinin qorunmasına qədər şüurlu hərəkətlər kövrək ekoloji tarazlığı qorumağa və ortaq rifahımızı təmin etməyə kömək edəcək.

Müxbir – Leyla Muradzadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
azertag.az

1Mənbələr