NASA-nın "Artemis-2" proqramı həm kosmik yarışda, həm də siyasətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir..."
ABŞ-ın NASA agentliyi yarım əsrdən sonra ilk dəfə pilotlu missiyanı Aya göndərməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Artemis-2": Aya uçuş və böyük planların başlanğıcı
Nəşr yazır ki, "Artemis-2" proqramı çərçivəsində dörd astronavt - Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Ceremi Hansen Aya doğru uçuş edəcək. Missiya Kanaveral burnundan buraxılacaq "Space Launch System" raketi və "Orion" vasitəsilə həyata keçiriləcək.
Plan üzrə ekipaj Ay səthinə enməyəcək, onu orbit üzrə dolanaraq təxminən 10 gün sonra Yerə qayıdacaq. NASA-nın uzunmüddətli strategiyası daha iddialıdır: 2028-ci ildə Ay səthinə eniş və sonrakı illərdə orada daimi baza qurmaq. Bu baza gələcəkdə Marsa uçuş üçün "tramplin" rolunu oynamalıdır.
Trampın kosmik strategiyası və Çinlə rəqabət
Bu proqramın əsası Donald Tramp tərəfindən ilk prezidentlik dövründə qoyulub. Əvvəlcə əsas hədəf Mars olsa da, sonradan prioritet Ay proqramına verilib. Vaşinqton üçün bu missiya təkcə elmi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
Əsas rəqib artıq Rusiya deyil, Çin hesab olunur. Pekin də yaxın illərdə Aya astronavt göndərməyi planlaşdırır. NASA rəhbərliyi bu rəqabəti açıq etiraf edir: məqsəd sadəcə bayraq sancmaq deyil, Ayda qalıcı olmaqdır.
"Ay qızdırması": resurslar, iqtisadiyyat və milli birlik
Ayın fəthi yalnız nüfuz məsələsi deyil. Ekspertlər bildirir ki, bu proses gələcəkdə böyük iqtisadi qazanc vəd edir. Peykin səthində helium-3 izotopu, litium və platin kimi nadir resursların mövcudluğu ehtimal edilir.
Xüsusilə helium-3 gələcəyin termonüvə enerjisi üçün potensial yanacaq sayılır və hazırda onun qiyməti çox yüksəkdir. Bu isə Ayı gələcək enerji bazarının mərkəzinə çevirə bilər.
Eyni zamanda, bu cür missiyalar ABŞ daxilində də xüsusi emosional effekt yaradır. 1969-cu ildə Nil Armstronqun Aya ilk addımı ölkəni birləşdirmişdi. Bu gün də oxşar effekt gözlənilir - kosmik uğurlar cəmiyyətdə birlik və qürur hissini gücləndirə bilər.