Döyüşlərdə xüsusi təyinatlılar düşmənə ağır zərbə vurmuşdu
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərə gedən yolda ilk addım kimi qəbul edilən Aprel döyüşlərinin 10-cu ildönümü tamam olur. Həmin döyüşlər özünün miqyasına görə 1994-cü il mayın 12-də əldə edilmiş atəşkəs haqqında sazişdən sonra Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunurdu. Doğrudur, rəsmi İrəvan danışıqlardan vaxt qazanmaq, status-kvonu möhkəmlətmək üçün istifadə edirdi. İllərdir davam edən danışıqların hansısa real nəticə verəcəyinə Azərbaycan cəmiyyətində ümid get-gedə azalırdı. Ancaq bununla belə, şiddətli döyüşlərin baş verəcəyi də az ehtimal olunurdu. Üstəlik, həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın o vaxtkı prezidenti, bədnam Serj Sarkisyan ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını başa vuraraq geri qayıdırdılar. Belə bir məqamda – aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz işğalçı ordunun və onun Qarabağdakı əldəqayırma xunta rejiminin “müdafiə ordusu”nun qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə dinc sakinlərdən 2-si həlak oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ağdərə–Tərtər–Ağdam və Xocavənd–Füzuli istiqamətində yerləşən birliklərimizin, artilleriya bölmələrimizin və digər qoşun növlərimizin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə işğalçı ordunun bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi. Yeri gəlmişkən, qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2019-cu ildə verdiyi müsahibədə Azərbaycan Ordusunun düşmənin illər ərzində qurduğu “Ohanyan səddi”ni cəmi 18 dəqiqəyə yardığını bildirmişdi.
Döyüşlər ordumuzun qəti qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və ermənilərin “Madagiz” yarlığı yapışdırdıqları Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da Ermənistanın hərbi cinayətkar rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifləri alt-üst edildi. İşğalçı ordu aprelin 4-də itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə Ağdərə–Tərtər və Xocavənd–Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma hərbçilərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da uğursuzluğa düçar oldu. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Suqovuşan məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
***
Əlbəttə, Aprel döyüşlərindəki qələbə bütövlükdə Azərbaycan xalqının, onun nizami ordusunun qələbəsidir. Döyüşlərdə Quru Qoşunlarının 1-ci və 2-ci ordu korpusları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri iştirak ediblər. Onların sıralarında şücaət göstərən, qazi olan və şəhidlik zirvəsinə ucalan Vətən övladları var. Aprel döyüşləri həmin vaxtadək fəaliyyəti ictimaiyyətə əsasən gizli qalan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) də nəyə qadir olduğunu ölkəmizin vətəndaşlarına, işğalçı Ermənistana və xaricdəki havadarlarına aydın şəkildə nümayiş etdirdi. Ordumuzun xüsusi qoşun növü olan XTQ-nin vəzifəsi Azərbaycan dövlətinə qarşı müharibəyə hazırlaşan respublikanın sərhədləri daxilində, hərbi əməliyyatlar aparan ölkələrin ərazisində və düşmən arxasında xüsusi tapşırıqları yerinə yetirməkdir. XTQ 1999-cu il aprelin 30-da ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri kimi yaradılıb. XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ulu öndər tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb. Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş materialda bildirilib ki, XTQ-nin şəxsi heyəti 2012–2016-cı illərdə həm təmas xəttində, həm də düşmən arxasında qarşıya qoyulmuş bütün döyüş tapşırıqlarını uğurla icra edib, düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikasını məhv edərək misilsiz qəhrəmanlıqlar göstəib, onun döyüş ruhunu sarsıdaraq ciddi psixoloji gərginlik və təşviş yaradıb. Aprel döyüşləri zamanı isə XTQ mənsubları düşmənin təxribatlarına cavab olaraq keçirilən əməliyyatlarda mühüm vəzifələri yerinə yetirib, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edərək geri çəkilməyə məcbur edib. Həmin vaxt işğal altında olan Ağdərə rayonunun hektarlarla ərazisinin, mühüm mövqelərin və yüksəkliklərin azad olunmasında, eləcə də bir neçə hektar ərazinin ordumuzun nəzarətinə keçməsində XTQ mühüm rol oynayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev XTQ-yə yüksək diqqət yetirir. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir. XTQ komandanlığındakı kurslara namizədlərin seçimi və qəbulu xüsusi prosedurlara uyğun könüllülük əsasında həyata keçirilir. Qəbul zamanı namizədlərin mənəvi-psixoloji keyfiyyətləri, sağlamlıq vəziyyəti, fiziki hazırlığı və nəzəri biliklərinin qiymətləndirilməsi aparılır. XTQ-nin şəxsi heyəti yüksək döyüş hazırlığı, fiziki dözümlülük, çeviklik, analitik düçüncə və qətiyyət nümayış etdirməklə, çətin şəraitdə uğur əldə etməyə qadirdir. Onlar döyüşdə təkcə silah gücünə deyil, eyni zamanda, taktiki düşüncə, peşəkarlığa və mənəvi-psixoloji dayanıqlılığa əsaslanaraq uğurlar əldə ediblər. XTQ-də əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatdaqalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir. Mübaliğəsiz demək olar ki, XTQ-nin şəxsi heyəti Aprel döyüşlərində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar.
Ali Baş Komandan İlham Əliyev 2022-ci il aprelin 30-da – XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə XTQ-nin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxışı zamanı deyib: “İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu öndər bu fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi. Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır. Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər...” Onu da bildirək ki, xüsusi təyinatlılara verilən tapşırıqlar hər zaman çətin və riskli olması ilə seçilir. Onlar dağlıq, meşəlik və sərt iqlim şəraitində, düşmən arxasında, gizli şəkildə yüksək səviyyəli tapşırıqları uğurla yerinə yetirərək öz peşəkarlığını sübut ediblər. XTQ-nin bir qrup şəxsi heyəti Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adlarına layiq görülüb, həmçinin çox sayda orden və medallarla təltif olunublar. XTQ istənilən döyüş tapşırığını icra etməyə, Vətənə və Ali Baş Komandana sədaqətlə xidmət göstərməyə hazır və qadir qüvvədir.
Səxavət HƏMİD
XQ