AZ

Ermənistanda seçkiqabağı gərginlik artır: Qərb və Rusiyanın İrəvanla bağlı hansı planları var?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ermənistanda seçki günü yaxınlaşdıqca, seçkiqabağı gərginlik durmadan artır. Həm iqtidar, həm müxalifət bacardıqları qədər elektoratlarını genişləndirməyə, tərəddüd edənləri öz tərəfinə çəkməyə çalışırlar. Eyni zamanda, hər iki tərəf çoxluq qazandıqları halda, böyük güclərlə işləyəcəklərini bildirirlər".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Paşinyan qərbyönümlü siyasət yeridir, amma bununla belə Rusiya ilə də əlaqələri itirmək istəmir:

"Onun seçkiqabağı Rusiyaya səfər etməsi, əlbəttə ki, Rusiyanın dəstəyini qazanmaq məqsədi də daşıyır. Həmçinin Paşinyan belə hesab edir ki, Rusiyaya səfər etməklə Ermənistandakı rusiyapərəst qüvvələrin də səsini öz tərəfinə çəkə bilər. Eyni zamanda, Rusiya da Ermənistanla əlaqələrini daha da genişləndirməkdə maraqlıdır. Ticarət dövriyyəsinin artması və Ermənistan baş naziri ilə söhbətdə məhz ikitərəfli əlaqələrin genişlənməsi məsələsinin qabardılması onu göstərir ki, Rusiya da Ermənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır.

Düzdür, bu məsələdə Ermənistan və Rusiyanın fərqli mövqeləri ola bilər. Amma görünən odur ki, Ermənistanın hələ də tam müstəqil dövlət olmaması, onun həm Qərbə, həm də Rusiya ilə yaxşı münasibətlər saxlamağa çalışdığını göstərir. Bu baxımdan, bu səfər, şübhəsiz ki, qarşıdan gələn parlament seçkisinə hesablanıb".

"Maraqlısı bundan ibarətdir ki, Qərb bir qayda olaraq yeni müstəqil dövlətləri seçkiqabağı proseslərdə bu və ya digər məsələlərdə ittiham etməyə çalışsa da, Ermənistanla bağlı münasibətdə tamamilə sükut nümayiş etdirir. Bu isə onu göstərir ki, yeni müstəqil dövlətlərə ikili yanaşma vardır. Bu səfərin seçkiyə nə qədər təsir edəcəyini də əlbəttə ki, onun nəticələri göstərəcək", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil dövlət olduğunu aydın şəkildə ortaya qoyub:

"Azərbaycan daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirir. Xaricdən çoxsaylı təzyiqlərə baxmayaraq, Azərbaycan öz siyasətini milli maraqlara uyğun olaraq qurur.

Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır və bir çox məsələlərdə Azərbaycanın iştirakı arzuolunandır və ölkəmizin mövqeyinə hörmətlə yanaşılır.

Ermənistan isə öz gələcəyini, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməklə, Azərbaycan ərazilərinə torpaq iddiasından əsas qanun səviyyəsində imtina etməklə daha düzgün qura bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
oxu.az

1Mənbələr