AZ

Xəstəlik, yoxsa fərqlilik?

Valideynlər autizmlə bağlı nələrə diqqət etməlidir?

Bəzən bir uşaq gözümüzün içinə baxmır, adını çağıranda reaksiya vermir, ya da saatlarla eyni oyuncağı fırladaraq sakit qalır. Çoxları bunu “özünə qapanma” kimi qiymətləndirir. Amma bu, sadəcə səssizliyin arxasında gizlənən başqa bir dünya - autizmdir.

Autizm bu gün demək olar ki, bütün dünyada geniş yayılıb. İlk dəfə 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib. “Autizm” yunanca “autos” (özüm) sözündən əmələ gəlib. Daha sonra psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin olunub. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq autizmi” adını verib.

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Əlamətləri əsasən 2 yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Kifayət qədər geniş yayılmış haldır, belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur.

Xəstəlik, psixi pozğunluq, yoxsa simptom?

Bu gün - 2 aprel tarixi bütün dünyada Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2008-ci ildən təsis edilən bu günün əsas məqsədi cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Autizmlə bağlı məlumatlılıq səviyyəsinin artırılması, erkən diaqnoz və müalicənin yayılması nəzərdə tutulub. Həqiqətən də, aparılan araşdırmalar sübut edir ki, dünya autizmlə bağlı hələ də kifayət qədər məlumatlı deyil. Onun xəstəlik, psixi pozğunluq, yoxsa ki, simptom olduğu indiyə qədər dəqiqləşməyib.

Tarixdə autizm olduğu güman olunan şəxsiyyətlər olub. Onlar arasında yaradıcı insanlar, alimlər, bir sıra kəşflərə imza atan mühüm imzalar də az olmayıb. Autizm və onun daşıyıcıları haqqında bədii və sənədli filmlər çəkilib. Ancaq nə həkimlər, nə də psixoloqlar autizmin yaranması və müalicəsi ilə bağlı ortaq qərara gələ biliblər.

Daha çox oğlanlarda rast gəlinir...

Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklər sırasında da bu sindromdan əziyyət çəkənlər çoxluq təşkil etməkdədir. Autizm sindromlu uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin ilkin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz uşağın 3 yaşında qoyula bilər. Lakin valideynin uşaqda olan dəyişikliyi daha tez hiss etməsi mümkündür. Bu sindromun müxtəlif növləri var. Bunlardan Asperger sindromu, atipik autizm və uşaq autizmi son dövrlərdə daha geniş yayılıb.

Autizm sindromuna daha çox oğlanlarda rast gəlinir. Statistikaya baxdıqda dörd autizmli uşaqdan biri qızdır. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir. Amerikada aparılan təcrübələr göstərir ki, hər 166 uşaqdan biri auitizmə meyillidir, ən son nəticə isə Cənubi Koreyada 2 faiz təşkil edir. Ölkəmizdə bu uşaqların sayı 4000-dən çox olduğu bildirilsə də, rəqəmlər dəqiq deyil. Bir neçə ilin statistikasına əsasən isə dünyada hər 88 uşaqdan biri, Azərbaycanda isə hər 100 uşaqdan iki-üçü autizmli doğulur. Dəqiq rəqəmlərin olmamasının səbəbi ailələrin bu xəstəliyi gizlətmələri, onların bu xəstəliklə bağlı məlumatsız olmalarıdır. Digər məqam isə onların müxtəlif adlarla qeydiyyata düşmələridir.

Autizmin səbəbləri

Tədqiqatçılar hələ də uşaqlarda autizmin səbəblərini müəyyən edə bilmirlər. Bu barədə bir çox nəzəriyyə var, lakin onlardan heç biri klinik olaraq təsdiqlənməyib. Əksər tədqiqatçılar uşaq autizminin irsi xəstəlik olduğuna inanırlar. Bu pozuntunun səbəblərindən biri kimi hamiləlik dövründə ananın virus infeksiyası (məxmərək, qızılca, suçiçəyi) olması istisna olunmur. İnfeksiya uşağın beyin strukturundakı üzvi dəyişikliklərə səbəb olur və bu da sonradan uşaq autizminə gətirib çıxara bilər.

Dərmanlar faydasızdır...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən klinik psixoloq Gülçin Mehrəliyeva bildirib ki, uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən uzun, çətin və mürəkkəb bir prosesdir: “Valideynlər bu uzun prosesə hazırlıqlı olmalı və müalicənin mütləq şəkildə nəticə verməyəcəyini bilməlidirlər. Uşaq autizmini müalicə etmək üçün dərmanlar faydasızdır. Lakin xəstəliyi müşayiət edən simptomları dayandıra bilərlər. Sosial uyğunlaşma və psixiatriya autizmin əsas müalicəsidir.

Bu qaydalara əməl edilməlidir!

Psixoloqun sözlərinə görə, uşağın müalicəsi yalnız tibb müəssisəsində deyil, evdə, uşaq bağçasında, küçədə aparılmalıdır: “Valideynlərin özlərinin də psixoloq konsultasiyasına müraciət etməsi zəruridir. Çünki autizmli uşağın müalicəsi çətin işdir, bu proses valideynlərin psixikasına mənfi təsir göstərir.

Müalicədə təkrarlamalar əsas şərtlərdəndir. Hər gün eyni bacarıqları təkrarlamaq lazımdır ki, uşaq onları öyrənə bilsin. Ən vacib qaydalardan biri də autizmli uşaqların telefondan uzaq durmasıdır. Bu, onların nitqinə olduqca mənfi təsir göstərir”.

G.Mehrəliyeva qeyd edib ki, autizm xəstəlik yox, sindromdur: “Çünki sindromda ölüm olmur, xəstəlikdə isə bu, mümkündür. Çox təəssüf ki, autizmin müalicəsi mövcud deyil, çünki yaranma səbəbi yoxdur.

Hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Araşdırmalar zamanı bəlli olur ki, autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər”.

Yeganə BAYRAMOVA

Seçilən
32
1
yeniazerbaycan.com

2Mənbələr