AZ

Autizm xəstəlik deyil, fərqlilikdir

Son illərdə Autizm Spektr Pozuntusu ilə bağlı diaqnozların sayında həm Azərbaycanda, həm də qlobal miqyasda nəzərəçarpacaq artım müşahidə olunur. Bu artım bir tərəfdən diaqnostika imkanlarının inkişafı, digər tərəfdən isə cəmiyyətin məlumatlılığının yüksəlməsi ilə izah edilir. Elmi araşdırmalar göstərir ki, əgər ailədə artıq autizmli fərd varsa, növbəti uşaqlarda bu vəziyyətin yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır və risk göstəricisi orta hesabla 10-20 dəfə yüksələ bilər.

Müasir statistik göstəricilərə əsasən, ABŞ-də hər 36 uşaqdan biri autizm spektrində yer alır, Avropa ölkələrində isə bu göstərici təxminən hər 100 uşaqdan 1-2 nəfər civarındadır. Maraqlı məqamlardan biri də odur ki, oğlan uşaqlarında bu vəziyyət qızlarla müqayisədə təxminən 4 dəfə daha çox müşahidə edilir.

Ölkə daxilində hazırda 5 min nəfərə yaxın autizm sindromlu əlilliyi olan şəxs qeydiyyatdadır. Lakin mütəxəssislər real vəziyyətin bundan xeyli fərqli olduğunu bildirirlər. Xüsusilə ucqar ərazilərdə diaqnostika imkanlarının məhdud olması, ailələrin bəzən bu vəziyyəti gizlətməsi və ya düzgün məlumatın olmaması səbəbindən bir çox halın qeydə alınmadığı düşünülür. Qlobal miqyasda isə müxtəlif tədqiqatların nəticələrinə görə, dünya əhalisinin təxminən bir faizi autizm spektrində yer alır ki, bu da 70 milyona yaxın insan deməkdir.

Autizmin cəmiyyət üçün bu qədər aktual mövzuya çevrilməsi təsadüfi deyil. Belə hal uşaqların sosial ünsiyyət bacarıqlarına, davranışlarına və öyrənmə prosesinə birbaşa təsir edir. Bu səbəbdən də erkən yaşlarda aşkar olunması və düzgün müdaxilə tədbirlərinin həyata keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2 aprel tarixi Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib. Bu günün əsas məqsədi cəmiyyətin məlumatlandırılması, autizmli şəxslərin hüquqlarının qorunması və onların həyat şəraitinin yaxşılaşdırılmasına diqqət çəkməkdir.

Valideynlər övladlarında autizm əlamətlərindən şübhələndikdə ilk növbədə mütəxəssisə müraciət etməlidirlər. Diaqnozun qoyulması üçün uşağın davranışları diqqətlə müşahidə edilir, inkişaf səviyyəsi müxtəlif testlər vasitəsilə qiymətləndirilir və valideynlərdən ətraflı məlumat toplanır. Müasir dövrdə autizmin çox erkən yaşlarda, hətta körpəlik dövründə belə müəyyən edilməsi mümkündür. Bu sahədə əsas rolu uşaq psixiatrları və nevroloqlar oynayırlar.

Erkən diaqnoz autizm sahəsində ən vacib amillərdən biri hesab olunur. Uşağın beyin inkişafının ən intensiv dövrü həyatının ilk illərinə təsadüf edir və xüsusilə 5 yaşa qədər olan mərhələ kritik əhəmiyyət daşıyır. Bu dövrdə başlanılan reabilitasiya proqramları uşağın gələcək inkişafına ciddi təsir göstərir. Erkən müdaxilə nəticəsində uşaqlar sosial bacarıqları daha tez mənimsəyə, ünsiyyət qabiliyyətlərini inkişaf etdirə və davranış problemlərini daha effektiv şəkildə aradan qaldıra bilirlərlər.

Autizmli uşaqlarda dil və ünsiyyət sahəsində çətinliklər geniş yayılıb. Kiçik yaşlarda göstərilən dəstək bu sahədə daha müsbət nəticələr verir. Yaş artdıqca isə bəzi bacarıqların öyrənilməsi çətinləşə bilər. Bu səbəbdən də mütəxəssislər erkən müdaxilənin əhəmiyyətini xüsusi vurğulayırlar. Əgər uşaq vaxtında lazımi dəstəyi almazsa, davranış problemləri daha da dərinləşə və uzunmüddətli xarakter ala bilər. Valideynlərin bu prosesdə rolu olduqca böyükdür. Uşağa diaqnoz qoyulduqdan sonra ailənin ilk vəzifəsi vəziyyəti qəbul etmək və düzgün addımlar atmaqdır. Təəssüf ki, bəzi hallarda ailələr bu həqiqəti qəbul etməkdə çətinlik çəkir və bu da müdaxilənin gecikməsinə səbəb olur. Halbuki vaxtında başlanılan düzgün proqramlar uşağın inkişafı üçün həlledici rol oynayır.

Reabilitasiya proqramlarının effektivliyi yalnız onların başlanma vaxtından deyil, həm də intensivliyindən asılıdır. Mütəxəssislər həftəlik məşğələlərin minimum 20 saat olmasını tövsiyə edirlər. Daha intensiv proqramlar isə 40 saata qədər davam edə bilər. Bu məşğələlər əsasən fərdi şəkildə aparılır və müəyyən müddətdən sonra uşaqlar qrup fəaliyyətlərinə də cəlb oluna bilərlər. Bu isə onların sosiallaşmasına müsbət təsir göstərir.

Autizmli uşaqlarda tez-tez digər əlavə problemlər də müşahidə olunur. Bunlara öyrənmə çətinlikləri, diqqət pozuntuları, hiperaktivlik, bəzən isə epilepsiya kimi nevroloji hallar daxildir. Eyni zamanda bəzi uşaqlarda eşitmə problemləri və ya nitq pozuntuları da müşahidə edilə bilər. Bu səbəbdən diaqnostika zamanı kompleks yanaşma vacibdir.

Valideynlər çox vaxt övladlarının inkişafı üçün müxtəlif alternativ üsullara müraciət edirlər. Lakin bu metodların bir çoxunun elmi əsası yoxdur və gözlənilən nəticəni vermir. Buna görə də mütəxəssislər yalnız elmi cəhətdən təsdiqlənmiş yanaşmalara üstünlük verilməsini tövsiyə edirlər. Doğru məlumat və düzgün istiqamət seçimi uşağın inkişafında həlledici rol oynayır. Məktəbəqədər dövrdə autizmli uşaqların digər uşaqlarla ünsiyyətdə olması onların sosial bacarıqlarının inkişafına kömək edir. Oyun qrupları və bağçalar bu baxımdan faydalı mühit yaradır. Kiçikyaşlı uşaqlar arasında fərqliliklərə qarşı münasibət daha tolerant olduğu üçün autizmli uşaqlar daha rahat adaptasiya ola bilirlər. Texnologiyanın inkişafı da autizmli uşaqların təlimində yeni imkanlar yaradıb. Planşetlər, mobil tətbiqlər və müxtəlif interaktiv proqramlar uşaqların diqqətini cəlb edir və onların öyrənmə prosesini asanlaşdırır. Vizual materiallardan istifadə xüsusilə dil inkişafında effektiv nəticələr verir. Lakin texnologiyadan istifadə mütləq nəzarət altında və balanslı şəkildə həyata keçirilməlidir.

Autizmli uşağa sahib olmaq ailə üçün həm emosional, həm də psixoloji baxımdan ciddi sınaqdır. Valideynlər tez-tez "daha nə edə bilərəm?" sualı ilə qarşılaşırlar. Bu vəziyyətdə əsas məsələ real gözləntilər formalaşdırmaq və əldə olunan hər bir nailiyyəti qiymətləndirməkdir. Kiçik irəliləyişlər belə böyük uğur hesab edilməlidir. Erkən diaqnoz, düzgün müdaxilə, davamlı təlim və ailə dəstəyi bu sahədə uğurun əsas açarlarıdır. Cəmiyyətin məlumatlı olması və autizmli fərdlərə qarşı anlayışlı yanaşması isə onların həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr