"Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 10 il ötür. Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi".
Newscenter.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir:
"Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi".
Millət vəkili diqqətə çatdırıb ki, Kürdəmir rayonu həmin döyüşlərdə iki qəhrəman övladını şəhid verdi:
"Ordumuzun baş leytenantı, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş pilot Əbubəkr Ismayilov və kəşfiyyatçı, gizir, ölümündən sonra " Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilmiş Tural Qurbanov öz canlarını Vətənə qurban verərək adlarını xalqımızın tarixinə qızıl hərflərlə həkk etdilər.
Allah şəhidlərimizə rəhmət eləsin".
Süleyman