Bu gün AFFA və "Eyeball" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Offsideplus.az xəbər verir ki, imzalanma mərasimi “Wyndham Garden” hotelində baş tutub. Müqaviləyə əsasən, “Eyeball” şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq. 

AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Bizim üçün əlamətdar gündür. Çexiyanın "Eyeball" şirkəti ilə saziş imzalayırıq. Bu gün ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. XXI əsrdə biz rəqəmsal dövrün inkişafını yaşayırıq. Bu, futbola da şamil edilir. Futbol çoxdan data, data-analiz üzərindən işləyir. Biz bu mənada geridə qalırıq. Bu tərəfdaşlıq bizə bu cəhətdən kömək edəcək və bizi başqa yerlərə aparacaq. Bundan sonra uşaq və gənclər liqalarında mübarizə aparan klublar, eyni zamanda Azərbayan milli komandalarına gələcəkdə dəvət alaca futbolçuların seçimi üçün kameralı analizdən istifadə imkanı yaranır".

"Eyeball" şirkətinin CEO-su Manfred Lerley: "Eyeball" şirkətinin məqsədi Azərbaycanda gənclərin futbolda inkişafına dəstək verməkdir. Şirkətimiz 150-dən çox Avropanın top klubu, eyni zamanda Çempionlar Liqası qalibləri tərəfindən seçilmiş bir gənclik platformasıdır. 43-dən çox ölkədə fəalliyyət göstərən şirkətdən 8 000-dən çox klub yararlanıb. Dünya klub futbolunda futbolçu mübadiləsi böyük gəlir mənbəyinə çevrilib. Debütlər, komandaların yaş tərkibi gəncləşir. Video və data skautinq vasitəsilə futbolçunun profili, video görüntülü tarixi, performans datası müəyyənləşdiririk".