Autizm erkən yaş dövründə başlayan, uşağın sosial münasibətlərinə, ünsiyyətinə və davranışlarına təsir edən inkişaf pozuntusudur.
Əlamətləri adətən 1,5–2 yaşdan etibarən üzə çıxır. Uşaq göz kontaktından qaça, adına reaksiya verməyə bilər, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkər, nitqi gecikə və ya fərqli inkişaf edə bilər. Həmçinin özünə qapanma, təkrarlanan hərəkətlər və dəyişikliklərə qarşı həssaslıq müşahidə oluna bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, bu əlamətlərdən bir neçəsi olduqda vaxtında psixoloq və ya mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə uşağın inkişafına müsbət təsir göstərir.
Müasir yanaşmalara görə autizm mərkəzi sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Onun yaranmasına genetik faktorlar, maddələr mübadiləsinin anadangəlmə pozğunluqları, hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalar, həmçinin bəzi infeksiyalar və nevroloji vəziyyətlər təsir göstərə bilər.
Autizm fərqli formalarda özünü göstərir və düzgün dəstək ilə uşağın həyat keyfiyyətini artırmaq mümkündür.