AZ

Karim Rossi: “Bir neçə ölkədən təklif almışam” MÜSAHİBƏ

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Çətin görüş olacaq. “Zirə” çox yaxşı heyətə və güclü baş məşqçiyə malikdir, son illərdə sabit çıxış edirlər”.

Bunu “Şamaxı”nın isveçrəli hücumçusu Karim Rossi futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Şamaxı”nın geridə qalan 25 tur ərzindəki ümumi çıxışını necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, ümumilikdə əldə etdiklərimizdən razı qala bilərik. Mövsüm ərzində elə məqamlar oldu ki, daha yüksək mövqelərə qalxa bilərdik. “Araz-Naxçıvan”a qarşı keçirdiyimiz iki oyunda qalib gəlsəydik, onlara daha da yaxınlaşardıq. “Şamaxı”nın büdcəsi kiçikdir, amma biz “Qarabağ”, “Zirə” kimi klubları məğlub etdik və bir çox insanı təəccübləndirdik. Yaxşı heyətimiz var, böyük potensiala malik olan gənc oyunçularımız çoxdur.

– Cari mövsümdə ən çox hansı oyunlardakı xal itkisinə üzülürsünüz?

– “Qəbələ” ilə matçı qeyd edərdim. Evdə 0:4 hesabı ilə məğlub olmağımız çox məyusedici idi. Ən azı 5-7 xal itirmişik. Elə oyunlar oldu ki, 1:0 hesabı ilə öndə idik, amma sonda məğlub olduq. Məsələn, “Zirə” və “Sumqayıt”la ev matçlarını xatırlatmaq istəyirəm. Bu da göstərir ki, təcrübə baxımından inkişaf etməliyik. Hələ də irəliləyişə can atmalı və öyrənməliyik.

– Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə “Şamaxı”ya necə təsir edəcək?

– Son 8 görüş üçün hazırlaşırıq. Həm bir neçə gün dincəlmək imkanı əldə etdik, həm də fiziki hazırlığımızı qorumağa çalışdıq.

– Fasilədən sonrakı ilk qarşılaşmada “Zirə”nin qonağı olacaqsınız. Bu oyundan gözləntiniz nədir?

– Çətin görüş olacaq. “Zirə” çox yaxşı heyətə və güclü baş məşqçiyə malikdir, son illərdə sabit çıxış edirlər. Ümid edirik ki, yaxşı performans göstərəcəyik. Azarkeşlər maraqlı oyun izləyəcəklər.

– Bu mövsüm çempionatda 9 qol vurmusunuz və bombardir Coy-Lens Mikelsdən 6 qol geri qalırsınız. Mövsümün sonunadək neçə qola imza atmağı qarşınıza hədəf qoymusunuz?

– Bəli, ümumilikdə 12 qol vurmuşam, onlardan 3-ü kubokda “Qarabağ”a qarşı olub. Buna görə məmnunam, amma son oyunları da güclü başa vurmaq istəyirəm. “Sabah” çox yaxşı komandadır, matç ərzində xeyli hücum imkanı yaradır, bu da Coy-Lens Mikels üçün daha əlverişlidir. Mən hücumçu kimi hər zaman qarşıma məqsəd qoyuram ki, ən azı 10 qol+assist töhfəsinə çatım.

– Mövsümün sonu yaxınlaşır. Daha iddialı klublardan təkliflər gəlirmi? Növbəti mövsümü başqa klubda keçirməyi planlaşdırırsınız, yoxsa “Şamaxı”da qalmağı?

– Bəli, “Şamaxı” ilə müqaviləm mayın 31-də bitdiyi üçün bəzi klublardan təkliflər olub. Bütün variantları, o cümlədən digər ölkələrdən gələn təklifləri dəyərləndirirəm. Azərbaycanda qalacağıma ümid edirəm, çünki burada özümü çox yaxşı hiss edirəm, liqa rəqabətlidir. “Şamaxı”da qalmaq məsələsinə gəlincə, hələlik bunu bilmirəm.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr