Bu gün – 2 aprel, Autizm Maarifləndirmə Günüdür. Bu günün məqsədi cəmiyyətdə autizm spektr pozuntusu haqqında məlumatlılığı artırmaq və erkən diaqnozun əhəmiyyətini bir daha diqqətə çatdırmaqdır. Mövzu ilə bağlı mütəxəssislər valideynləri diqqətli olmağa çağırır.
Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, autizm spektr pozuntusu (ASP) uşağın sosial, davranış və nitq bacarıqlarına təsir edən nevroloji inkişaf pozuntusudur:
“Erkən diaqnoz uşağın inkişafını dəstəkləmək üçün çox önəmlidir. Valideynlər aşağıdakı hallarda autizm ehtimalından şübhələnməlidirlər:
Diqqət yetiriləcək əsas əlamətlər
1. Sosial ünsiyyət problemləri
• Uşağın yaşı 2 yaşı tamam olubsa, adını çağırsanız belə cavab vermirsə,
• Yaşıdları ilə ünsiyyət etmir və sosial oyunlarda iştirak etmirsə,
• İşarə barmağını ünsiyyət məqsədilə istifadə etmirsə
2. Nitq və dil bacarıqlarında gecikmə
• Nitqi yaşına uyğun deyilsə və ya hələ danışmırsa,
• Sadə sözləri və ifadələri istifadə etməkdə çətinlik çəkirsə.
3. Davranışlarda təkrarçılıq və maraqların məhdudluğu müşahidə edilirsə
• Eyni hərəkətləri təkrar-təkrar edirsə (məsələn, əlləri çırpmaq, eyni səsləri təkrarlamaq),
• Yalnız müəyyən əşyalara və fəaliyyətlərə qeyri-adi maraq göstərirsə.
Nə etməli?
Belə əlamətlər müşahidə olunarsa, uşaq və ya yeniyetmə psixiatrının müayinəsinə aparmaq mütləqdir. Peşəkar qiymətləndirmə uşağın ehtiyaclarını müəyyənləşdirməyə və erkən müdaxilə proqramlarını tətbiq etməyə kömək edir. Unutmayaq ki, erkən müdaxilə uğurun yarısıdır”.
//Gülnarə Abasova, Editor.az