AZ

Peyk döyüşü başlayır

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin "Amazon" korporasiyası İlon Maska məxsus "SpaceX" şirkətinin "Starlink" qlobal peyk rabitəsi sistemi ilə rəqabət apara bilmək üçün "Globalstar"ı almağı planlaşdırır. Hazırda bazar dəyəri 9 milyard dollar civarında qiymətləndirilən qrupun əldə edilməsi istiqamətində tərəflər arasında danışıqlara başlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb. Mənbələrin məlumatına əsasən, hazırda tərəflər bəzi həlli vacib məsələlər üzərində işləyirlər.

Əsas problemlərdən biri ABŞ-nin "Apple" korporasiyasının "Globalstar"da 20 faizlik paya malik olmasıdır, bu səbəbdən "Amazon" bilavasitə onlarla da müzakirələr aparmalıdır. Qeyd edək ki, "Apple" 2024-cü ildə sözügedən peyk operatoruna 1.5 milyard dollar investisiya yatırıb. Tərəflər arasındakı müqaviləyə əsasən, "Globalstar" "iPhone" istehsalçısı üçün mobil şəbəkənin olmadığı yerlərdə peyk vasitəsilə SMS göndərilməsini təmin etmək məqsədilə öz şəbəkə tutumunun 85%-ni ayırmağa razılaşıb.

Qeyd edilib ki, 1991-ci ildə yaradılan və aşağı orbitli peyk sistemlərinə malik olan "Globalstar"ın səhmləri mümkün alqı-satqı xəbərləri səbəbindən son aylar sürətlə bahalaşıb. İnvestorlar bu telekommunikasiya şirkətinin "SpaceX" üçün güclü alternativ olacağına inanırlar. Nəşr vurğulayır ki, peyk şəbəkəsinin əldə edilməsi elektron ticarət liderinin aşağı orbitli peyk sənayesində öz mövqeyini yaratmaq imkanlarını daha da artıracaq.

Məlum olduğu kimi, "Amazon" şirkəti bütün dünyanı yüksəksürətli genişzolaqlı internetlə təmin etmək niyyəti ilə Yer kürəsinin aşağı orbitində kütləvi peyk şəbəkəsi qurmağı hədəfləyən "Kuiper" layihəsini inkişaf etdirir. Bununla belə, korporasiya bu istiqamətdə hələ də "Starlink" sistemindən xeyli geridədir.

Seçilən
16
hafta.az

1Mənbələr