AZ

Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş seminar keçiriləcək

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçiriləcək.

Tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunur və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir.

Seminarda hər iki ölkədən dövlət və ictimai xadimlər, parlamentin üzvləri, akademiklər və alimlərlə yanaşı, elm və təhsil müəssisələrinin nümayəndələri, tədqiqatçılar və tələbələr də iştirak edəcəklər.

Tədbirin açılışında rəsmi şəxslər və akademik dairələrin nümayəndələri çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərinə toxunacaqlar.

Seminar çərçivəsində türkologiyanın müxtəlif istiqamətləri üzrə məruzələr təqdim olunacaq, türk xalqlarının ortaq dil, ədəbiyyat və mədəni irsi, eləcə də bu sahədə aparılan müasir tədqiqatlar müzakirə ediləcək.

Tədbir görkəmli özbək əsilli Azərbaycan alimi, dilçi, ictimai xadim və Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunacaq.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Seçilən
0
2
xalqqazeti.az

4Mənbələr