ABŞ Prezidenti Donald Trampın ruhani məsləhətçisi kimi tanınan Paula Uayt Ağ Evdə keçirilən Pasxa şam yeməyində etdiyi çıxışla ciddi müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, o, çıxışı zamanı Trampı İsa Məsihin yaşadıqları ilə müqayisə edib. Paula Uayt çıxışında Trampın siyasi həyatı boyunca üzləşdiyi ittihamlar, istintaqlar və təzyiqlərin İsa Məsihin çəkdiyi əzablarla oxşarlıq təşkil etdiyini bildirib.
“Cənab Prezident, heç kim sizin ödədiyiniz bədəli ödəməyib. Yaşadıqlarınız rəbbimiz və xilaskarımız tərəfindən bizə göstərilən tanış bir hekayədir”, – deyə Uayt çıxışında bildirib.
O, çıxışının davamında daha sərt ifadələr işlədib: “Sənə xəyanət edildi, həbs edildin və haqsız yerə ittiham olundun. Amma Allahın bir planı var idi. Onun dirilməsi kimi, sən də yenidən qayıtdın”.
Çıxış zamanı Donald Trampın bu sözləri məmnunluqla dinlədiyi və çıxışa müsbət reaksiya verdiyi qeyd olunur.
Paula Uaytın bu bənzətməsi ABŞ-də sosial mediada və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bir çoxları bu çıxışı dinin siyasətdə istifadəsi kimi qiymətləndirərək tənqid edib, digərləri isə bunu dini-metaforik çıxış kimi müdafiə edib.
Qeyd olunur ki, ABŞ-də siyasətdə dini ritorikadan istifadə mövzusu əvvəllər də mübahisələrə səbəb olub və bu çıxışdan sonra mövzu yenidən gündəmə gəlib.
Sara
NOCOMMENT.az