"Türk dövlətləri yaxın zamanda birlikdə daha çox inkişaf etmiş Qarabağı görəcək".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O, türk dövlətlərinin Qarabağdakı inkişafa görə qürur duyduqlarını qeyd edib:
"Sizin bir az əvvəl vurğuladığınız kimi, Türk Dövlətləri Təşkilatı çox qısa müddətdə böyük yol qət etdi. İnşallah, qarşıdakı dövrdə bu daha da dərinləşərək davam edəcək. Təşkilata sədrliyiniz çox uğurla davam edir. Xüsusilə Sizin ilk dövrlərdən etibarən Türk Dövlətləri Təşkilatına yaxından göstərdiyiniz diqqətə və verdiyiniz dəstəyə görə minnətdarıq.
Qarabağdakı inkişafa görə də hamımız qürur, iftixar duyuruq. Qarabağ yenidən Azərbaycan oldu, azadlığına qovuşdu. Ancaq bununla da kifayətlənilmədi, Qarabağda böyük inkişaf, sərmayələr var. İnşallah, yaxın zamanda hamımız birlikdə daha çox inkişaf etmiş Qarabağı görəcəyik. Biz də Türkiyə Cümhuriyyəti olaraq əlimizdən nə gəlirsə, daim Qarabağın, Azərbaycanın yanındayıq".