AZ

Maraqlı gəlişmə: Rusiya artıq Ermənistandan gələn məhsullara şübhə ilə yanaşır

Moskva erməni məhsullarının mənşəyi ilə bağlı yenidən suallar qaldırıb.

Musavat.com xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəhbəri Sergey Dankvert Ermənistandan Rusiyaya idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı ciddi iradların davam etdiyini bildirib.

Onun sözlərinə görə, son illərdə yaranan problemlər hələ də aradan qalxmayıb və idxal edilən məhsulların hamısının erməni mənşəli olması şübhə doğurur.

Dankvert qeyd edib ki, xüsusilə məhsul həcmlərinin qeyri-real artımı diqqət çəkir:
“Məsələn, son üç ildə Ermənistanın çiçək ixracı 36 milyondan 100 milyona yüksəlib”.

O əlavə edib ki, bəzi hallarda məhsullar təyinat nöqtəsinə çatmır və logistika zəncirində problemlər müşahidə olunur.

Bundan başqa, Rusiya tərəfi Ermənistandan göndərilən məhsullarda çoxlu sayda karantin obyektləri aşkar etdiyini bildirir. Məlumata görə, bu göstərici 900-dən çox hal təşkil edir ki, bu da əlavə yoxlamalar və dezinfeksiya tədbirləri tələb edir.

Heyvandarlıq məhsulları ilə bağlı da oxşar şübhələr səsləndirilir. Dankvert bildirib ki, bəzi məhsulların, o cümlədən kərə yağı, pendir və forel balığının mənşəyi qeyri-müəyyəndir:
“Ermənistanın dağ çaylarından gələn forel Norveç forelinə bənzəyə bilməz”.

Bu səbəbdən Rusiya Ermənistan məhsullarına qarşı nəzarəti sərtləşdirib və xüsusilə məhsulların izlənə bilməsi (trasabelik) məsələsinə diqqəti artırıb.

Rusiya rəsmisi çıxış yolunu Avrasiya İqtisadi İttifaqı çərçivəsində nəzarət sistemlərinin inteqrasiyasında görür, lakin bu istiqamətdə hələ ciddi irəliləyiş olmadığını vurğulayıb.

Musavat.com

 

Seçilən
25
musavat.com

1Mənbələr